Ötən il sahibkarlara 15 milyon 577 min manatdan artıq güzəştli kredit ayrılıb

 

Ötən il muxtar respublikada iqtisadiyyatın prioritet sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və orta həcmli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların rəqabət qabiliyyətinin artırılması məqsədilə güzəştli kreditlərin verilməsi istiqamətində işlər davam etdirilmişdir. 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumilikdə 142 layihə üzrə 15 milyon 577 min manatdan artıq güzəştli kredit vəsaiti ayrılmışdır ki, bundan da sənaye üzrə 9 layihənin maliyyələşdirilməsinə 11 milyon 798 min manat, kənd təsərrüfatı üzrə 131 layihənin maliyyələşdirilməsinə 2 milyon 831 min manatdan çox, xidmət saəsi üzrə 2 layihənin maliyyələşdirilməsinə 948 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Həyata keçirilən tədbirlər muxtar respublikada sənaye məhsulu istehsalının genişləndirilməsinə, kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsulu istehsalının artmasına şərait yaratmışdır. Həmçinin sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də təsir etmişdir. 

Əhalinin payız-qış mövsümündə etibarlı və dolğun şəkildə meyvə tərəvəz məhsulları ilə təmin olunması məqsədilə ötən il Fond tərəfindən 3490 kvadrat metr  sahəsi olan 3 istixana təsərrüfatının yaradılmasına 27 min manat, ümumi tutumu 1720 ton  olan 6 soyuducu anbarın yaradılmasına 821 min manat güzəştli kredit vəsaiti ayrılmışdır.

Qeyd edim ki, dövlət maliyyə dəstəyi hesabına ümumilikdə 1050 ton  tutumlu 2 soyuducu anbarın yaradılması davam etdirilir. 

Ötən il ailə təsərrüfatlarının inkişafı və onların fəaliyyətlərinin stimullaşdırılması diqqətdə saxlanılmış, Fond tərəfindən 50-ə yaxın ailə təsərrüfatına 603 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Həmçinin, Fond tərəfindən verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər keçirilmiş, kreditlərin ödəmə müddətləri və kreditlərin vaxtında geri qaytarılması istiqamətində sahibkarlıq subyektləri ilə maarifləndirmə işləri aparılmışdır.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti