Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ötən dövrdə muxtar respublikada ardıcıl şəkildə həyata keçirilməsi, bütövlükdə, sosial-iqtisadi inkişafı təmin etmiş, eyni zamanda muxtar respublikada yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu və məqsədyönlü islahatlar aparılmışdır. Əldə edilən nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də Dövlət proqramlarının uğurla icra edilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən edilən tapşırıqlar muxtar respublika əhalisinin sosial rifahına və iqtisadi sahədə səmərəli təşəbbüskarlığa yönəlmişdir. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə də kompleks tədbirlər həyata keçirilmişdir.
Kənd təsərrüfatı və sənayenin inkişafı ilə bağlı görülən işlər bir çox sahələrdə daxili tələbatın yerli məhsullar hesabına ödənilməsinə gətirib çıxarmaqla yanaşı, ixracyönümlü məhsul istehsalı üçün də geniş imkanlar yaradır. Bu istiqamətdə tədbirlər Dövlət proqramının icrasına uyğun olaraq 2020-ci ildə də davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yanvarın 13-də Ordubad rayonunun Darkəndində su dəyirmanının, həmin ayın 28-də Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının, aprelin 9-da Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleksin, mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodunun istifadəyə verilməsi ilə bağlı tədbirlərdə, noyabrın 7-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” yarmarkasında iştirak etmişdir. Həmçinin Ali Məclisin Sədri martın 18-də və mayın 21-də proqramın icrasına uyğun olaraq yeni alınmış kənd təsərrüfatı texnikalarına baxmış, həmin ayın 12-də Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanmışdır.
2020-ci ildə Dövlət proqramının icrası istiqamətində şoranlaşmış torpaqların meliorativ vəziyyətinin öyrənilməsi məqsədilə 408 torpaq nümunəsində analiz aparılmışdır. Muxtar respublikada həyata keçirilmiş monitorinqlər nəticəsində əkin dövriyyəsindən kənarda qalan sahələr müəyyənləşdirilmiş, 8 min 583 hektar torpaq sahəsinin eksplikasiyası tərtib edilərək planları hazırlanmışdır. Dövlət maliyyə dəstəyi hesabına 1 tingçilik sahəsinin, 3 bağçılıq, 68 heyvandarlıq, 1 quşçuluq təsərrüfatının yaradılması, 1 bağçılıq, 28 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 quşçuluq təsərrüfatının fəaliyyətinin yenidən qurulması, 1 üzüm və 1 bağçılıq təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmışdır. Aqrar sahədə 3 min 932 sığorta müqaviləsi bağlanmış, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində 336 texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılmışdır. Dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 4 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın tutumunun 120 ton genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması başa çatdırılmış, Naxçıvan şəhərində ümumi tutumu 800, Şərur rayonunda ümumi tutumu 250 ton olan soyuducu anbarların yaradılması davam etdirilmişdir. Ailə təsərrüfatları 7 min 609 tara ilə təmin olunmuş, 48 təsərrüfata 12 min 266 etiketin hazırlanmasında metodik köməklik göstərilmişdir. Ordubad rayonunun Dəstə kəndində Dəstə Un Dəyirmanı və Babək rayonunun Sirab kəndində “İlham” Məhdud Məsuliyyətli Cəmiyyətinin süd emalı sahəsinin fəaliyyətinin bərpası məqsədilə araşdırma aparılmış, Şərur Sənaye Məhəlləsində 3 istehsal korpusunun tikintisi davam etdirilmişdir. Həmçinin “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni müəssisənin və Duzdağda yeni şaxtanın tikintisi də davam etdirilməkdədir.
Aqrar sahədə yüksək məhsuldarlığa nail olmaq üçün torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyu ilə vaxtında təmin edilməsi, meliorasiya və irriqasiya sistemlərinin normal istismarı da əsas şərtlərdəndir. Proqramda nəzərdə tutulan meliorasiya və irriqasiya tədbirləri çərçivəsində Ali Məclisin Sədri aprelin 4-də Araz Su Anbarından qidalanan nasos və təzyiqli boru xəttinin, noyabrın 28-də Araz çayında inşa olunacaq nasos stansiyasının layihəsinə, əkin dövriyyəsinə qatılacaq əraziyə baxmış, iyunun 10-da Ordubad rayonunun Biləv kəndində yenidən qurulacaq nasos stansiyasının mövcud vəziyyəti ilə maraqlanmışdır. Həmçinin Ali Məclisin Sədri avqustun 28-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikaların təqdim olunması, oktyabrın 9-da Şahbuz rayonunun Sələsüz, Türkeş, Mərəlik, noyabrın 16-da Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkələrinin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmişdir. 2020-ci ildə torpaqların su təminatını yaxşılaşdırmaq məqsədilə 32,69 kilometr suvarma boru xətlərində təmir işləri aparılmış, 7,68 kilometr yeni suvarma boru xətləri çəkilmişdir.
Muxtar respublikamızın hərtərəfli inkişafında nəqliyyat sektorunun da xüsusi yeri vardır. Dövlət proqramının icrası istiqamətində Naxçıvanda yol infrastrukturunun təkmilləşdirilməsi diqqətdə saxlanılır, müasir tələblərə cavab verən avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Bu tədbirlər çərçivəsində Ali Məclisin Sədri yanvarın 13-də Xanağa-Ağrı-Dizə-Vənənd, mayın 18-də Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir, sentyabrın 15-də Camaldın-Ərəzin, oktyabrın 5-də Nəcəfəlidizə, noyabrın 11-də Qarabürc kənd avtomobil yollarının istifadəyə verilməsi, iyunun 22-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobusun təqdim olunması ilə bağlı tədbirlərdə iştirak etmişdir. Həmçinin Ali Məclisin Sədri aprelin 12-də Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə maraqlanmış, noyabrın 26-da Culfa şəhərində yenidən qurulan 11 yaşayış binasının ətrafındakı yolların təmir olunması ilə bağlı görülən işlərlə tanış olmuşdur. 2020-ci ildə muxtar respublikada 39,42 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması, 3,5 kilometr uzunluğunda avtomobil yollarında asfalt-beton işləri başa çatdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında 1 baqaj konveyeri, 1 teleskopik platforma, 1 yanacaqdaşıyan, 1 yanğınsöndürən avtomobil alınıb istifadəyə verilmiş, Xətt Polis Şöbəsinin binası bərpa olunmuş, tikintisi başa çatdırılan yeni uçuş-enmə zolağında quşlardan mühafizə və termal videomüşahidə sistemləri quraşdırılmışdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər 44 dəfə texniki baxışdan keçirilmiş, 26 dəfə cari təmir işləri aparılmışdır. Naxçıvan stansiyası ərazisində sərnişin vaqonlarının yuyulması üçün uzunluğu 50 poqonmetr olan yolun çəkilişi və hər iki tərəfdən estakada-körpünün quraşdırılması başa çatdırılmışdır. Yararsız vəziyyətdə olan 3 min 708 ağac şpal yeni, 975 ağac şpal yarımyararlı ağac, 218 ağac şpal isə yarımyararlı dəmir-beton şpallarla əvəz olunmuşdur. Rels dövrələrində yarana biləcək nasazlıqların vaxtında qarşısının alınması məqsədilə stansiyalarda 588 mis relsbirləşdiricisi, 35 yoldəyişənin izolyasiyası dəsti, 3 min 500 rezin altlıq, 38 yanlıq, 356 dəmir altlıq dəyişdirilmiş, 39 izolyasiya calaqları yenisi ilə əvəz olunmuşdur. Naxçıvan, Culfa və Nehrəm stansiyalarında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır.
Enerji təhlükəsizliyi muxtar respublikada daim diqqətdə saxlanılan sahələrdəndir. Çünki bu sahə sosial-iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verilməsi isə mövcud olan təbii potensialın dəyərləndirilməsi deməkdir. Dövlət proqramında nəzərdə tutulan enerji təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Ali Məclisin Sədri aprelin 12-də Şərur şəhərində “Çomaxtur” yarımstansiyasının, iyulun 8-də Kəngərli rayonunda yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmiş, həmin gün, eləcə də sentyabrın 3-də Dövlət Energetika Xidmətinə təqdim olunan avtomobil, texnika və avadanlıqlara, iyunun 10-da Ordubad rayonunun Tivi kəndində yeni su elektrik stansiyasının layihəsinə baxmış, noyabrın 26-da Culfa rayonu ərazisində tikilən 1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasında görülən işlərlə tanış olmuşdur. Muxtar respublikanın şəhər və rayonlarında 2020-ci ildə 87,9 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilmiş, 307 kilometr uzunluğunda elektrik xətləri təmir edilmiş, 31 transformator yarımstansiyası quraşdırılmış, 22,7 kilometr uzunluğunda hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz olunmuş, 501 smartkarttipli qaz sayğacı quraşdırılmışdır.
İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir. Naxçıvanda müasir dövrün tələblərinə uyğun rabitə əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması, internetdən istifadənin genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Dövlət proqramının icrası məqsədilə rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri 2020-ci ildə də davam etdirilmiş, Ali Məclisin Sədri yanvarın 13-də Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyasının, mayın 15-də Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evinin, sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binasının, dekabrın 12-də Kəngərli rayonunda telekommunikasiya sistemi və Rabitə Evinin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmişdir. Bu dövrdə muxtar respublikamızda 35 min 61 metr, o cümlədən “Evədək optika” layihəsi çərçivəsində 49 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmiş, 8 min 761 abonent internetlə təmin olunmuşdur.
Proqramda nəzərdə tutulan və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən tədbirlər mütərəqqi əhəmiyyətə malikdir. Bu sahədə fəaliyyət səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlər 2020-ci ildə də davam etdirilmişdir. Ali Məclisin Sədri aprelin 23-də Sədərək, mayın 27-də Kəngərli, oktyabrın 29-da Ordubad rayonlarında yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihələrinə baxmış, iyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin və Cəlilkənddə içməli su şəbəkəsinin açılışı ilə bağlı tədbirlərdə iştirak etmişdir. Dövlət proqramının icrasına uyğun olaraq 2020-ci ildə 170,97 kilometr içməli su, 81,32 kilometr kanalizasiya xəttinin çəkilməsi təmin olunmuşdur.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi iqtisadi inkişafı təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də təmir, tikinti və yenidənqurma işlərinin sürətlənməsinə zəmin yaradır. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Dövlət proqramında müəyyən edilən mənzil təsərrüfatı və abadlıq-quruculuq tədbirləri 2020-ci ildə də davam etdirilmiş, Ali Məclisin Sədri yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü, avqustun 22-də 8-ci Sərhəd Zastavasında, oktyabrın 16-da Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taborunda, noyabrın 26-da Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində xidmət və yaşayış, dekabrın 17-də Babək şəhərində bazar, dekabrın 29-da Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış komplekslərinin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmiş, həmin gün yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin təməlini atmışdır. Həmçinin Ali Məclisin Sədri aprelin 12-də Şərur şəhərində Mərasim Evi və dini icma üçün iş otaqlarının, mayın 15-də Culfa şəhərində əsaslı yenidənqurma işlərindən sonra Heydər Əliyev prospektinin, həmin ayın 27-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli, iyulun 2-də Şərur rayon filiallarının, oktyabrın 29-da Ordubad şəhərində yeni yaşayış binasının istifadəyə verilməsi və şəhidlərin xatirəsinə yaradılan Bayraq Meydanının açılışı ilə bağlı tədbirlərdə iştirak etmişdir. Ali Məclisin Sədri yanvarın 13-də Ordubad rayonunun Vənənd, mayın 18-də Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir, noyabrın 11-də Qarabürc, sentyabrın 15-də Culfa rayonunun Camaldın, oktyabrın 5-də Babək rayonunun Nəcəfəlidizə kəndlərində xidmət və kənd mərkəzlərinin açılışını etmiş, aprelin 12-də Şərur şəhərində inşa olunacaq avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxmış, həmin ayın 23-də Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksində, noyabrın 26-da Culfa şəhərində yerləşən 11 yaşayış binasında yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlət proqramında sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi mənzillərin tikintisinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Ali Məclis Sədrinin 2020-ci ilin 14 yanvar, 14 mart, 15 iyun və 8 oktyabr tarixlərində, ümumilikdə, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 8 nəfərə fərdi yaşayış evləri və mənzillərin orderini təqdim etməsi muxtar respublikada insan amilinə verilən dəyərin mühüm göstəricisidir.
Naxçıvanda tikinti-quraşdırma işlərinin mühüm istiqamətlərindən birini sosial infrastrukturun yaxşılaşdırılması tədbirləri təşkil edir. Təhsil və səhiyyə müəssisələrinin əsaslı təmiri və yenidən qurulması muxtar respublika üçün sosial əhəmiyyətli ənənəyə çevrilmişdir. Ali Məclisin Sədri yanvarın 13-də Ordubad rayonunun Vənənd, mayın 18-də Şərur rayonunun Muğancıq-Mehrab, noyabrın 11-də Qarabürc, sentyabrın 15-də Culfa rayonunun Camaldın, oktyabrın 5-də Babək rayonunun Nəcəfəlidizə kəndlərində yeni məktəb binalarının, noyabrın 26-da Culfa Rayon Təhsil Şöbəsinin yeni binasının açılışını etmişdir. Həmçinin Məmmədsabir, Camaldın, Vənənd kəndlərində həkim ambulatoriyaları, Vənənd kənd Uşaq Musiqi Məktəbi istifadəyə verilmişdir. Ali Məclisin Sədri iyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubunun, oktyabrın 29-da Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin, noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binasının istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmiş, sentyabrın 25-də Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası, mayın 27-də Şahtaxtı kəndindəki Şərq hamamında, aprelin 15-də Yusif Küseyir oğlu türbəsində aparılan bərpa işləri ilə maraqlanmış, həmin gün Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxmışdır. Bu istiqamətdə görülən işlər, onu deməyə əsas verir ki, Naxçıvanda sosial infrastrukturun yaxşılaşdırılması çərçivəsində həyata keçirilən tədbirlər əsas etibarilə insan amilinə xidmət edir.
Naxçıvan böyük turizm potensialına malik diyardır. Dövlət proqramında nəzərdə tutulan abadlıq-quruculuq işləri turizmin inkişafına da müsbət təsir göstərir. Bu tədbirlər çərçivəsində Ali Məclis Sədrinin iştirakı ilə mayın 5-də Naxçıvan şəhər buzxanasının, həmin ayın 10-da Sahil Parkının istifadəyə verilməsi muxtar respublikamızda turizm infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulmasının göstəricisidir. Naxçıvan şəhər buzxanasında “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş şəraitinin yaradılması isə bu tarixi məkanda milli dəyərlərimizin qorunmasına, eyni zamanda təbliğinə xidmət edir, buraya gələn qonaqlarda tarixi abidəmiz fonunda zəngin milli mətbəximizlə xoş və yaddaqalan təəssürat yaradır.
2020-ci ildə sahibkarlığın inkişafı diqqət mərkəzində olmuş, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və Türkiyə kimi ölkələrdə keçirilmiş 7-si onlayn olmaqla, 10 beynəlxalq tədbirdə 14 sahibkarlıq subyektinin 27 nümayəndəsinin iştirakı təmin edilmişdir. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən kiçik və orta sahibkarlara 7 milyon 923 min 750 manat həcmində kreditlər verilmişdir.
Naxçıvan şəhərində 57 nəqliyyat infrastrukturu obyektinə 663 ünvan lövhəsi, 3 min 622 giriş nömrə nişanı quraşdırılmışdır. Torpaqların kadastr uçotu informasiya sistemi ilə bağlı Şərur, Sədərək, Kəngərli və Şahbuz rayonlarının bütün bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüşdür.
Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün beynəlxalq standartlara cavab verən kompleksin tikinti işləri həyata keçirilmiş, 12 köşk, 36 kamera və 12 şlaqbaumdan ibarət “Sərhədkeçmə vaxtının ölçülməsi” sistemi quraşdırılmışdır. Sədərək Gömrük İdarəsi 4 qapıtipli maqnoskaner, 15 əl radiostansiyası ilə təmin edilmiş, idarədə 6 maşınaltı izləmə sistemi, 60 tonluq 2 tərəzi, 26 istiqamətverici monitor, 7 elektron bəyanetmə köşkü, 5 məlumat lövhəsi quraşdırılmışdır. Dövlət əmlakının özəlləşdirilməsindən 265 min 958,25 manat vəsait daxil olmuş, tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən 162 min 237 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Culfa və Sədərək gömrük idarələrində minik avtonəqliyyat vasitələrinin müayinəsi üçün nəzərdə tutulan “Haimann Smiths” şirkətinin istehsal etdiyi “CİB-300” markalı stasionar rentgen yoxlama-baxış qurğusu, stasionartipli dezinfeksiya bariyerləri, Sədərək, Şahtaxtı və Naxçıvan Hava Nəqliyyatında Gömrük idarələrində, ümumilikdə, 5 məsafədən istilikölçən termal kamera quraşdırılmışdır. Gömrük sərhəd-buraxılış məntəqələrində yüksək görüntü keyfiyyətinə malik 106 əlavə kamera quraşdırılaraq müşahidə sistemi daha da təkmilləşdirilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qeyd olunduğu kimi, sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş Dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinamikasının qorunub saxlanmasını təmin etmişdir. Cari ildə Dövlət proqramının icrası muxtar respublika iqtisadiyyatının yeni mərhələdə daha da inkişafına səbəb olacaqdır.
“Şərq qapısı”