İqtisadiyyat Nazirliyinin kollektivi görkəmli dramaturq Cəlil Məmmədquluzadənin ev-muzeyində olublar

Muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradan muzey günləri çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyində olublar. Muzeylə tanışlıq zamanı bələdçi Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradıldığını, 13 oktyabr 1999-cu ildə şəxsən iştirakı ilə istifadəyə verildiyini, burada 1708 eksponatın qorunub saxlandığını, muzeyin son il illər dövlət qayğısı hesabına yeni eksponatlarla zənginləşdiyini bildirib. 
Qeyd olunub ki, öz yaradıcılıq dəst-xətti ilə seçilən, məhşur dram və nəsr əsərlərinin, maraqlı satirik hekayələrin müəllifi, Şərqdə satirik publisistikanın, eləcə də “Molla Nəsrəddin” jurnalının banisi olan Cəlil Məmmədquluzadə demokratik fikirli, vətənpərvər ziyalı kimi öz yaradıcılığında xalqın taleyüklü problemlərindən bəhs edib və bu gün də aktual olan qlobal məsələlərə toxunub. 
Vurğulanıb ki, böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri yaradılıb, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Musiqili Dram Teatrına Cəlil Məmmədquluzadənin adı verilib.
Qeyd edək ki, muzeydə ədibə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədləri və şəxsi kitabxanası sərgilənməkdədir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti