Dövlət Proqramının uğurlu icrası qədim el sənətinin qorunmasına töhfəsini verir

 

Qədim və köklü milli-mənəvi dəyərlərə malik xalqımız bu dəyərləri tarixən sədaqətlə qoruyub, əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması hər zaman olduğu kimi günümüzdə də öz aktuallığını qoruyur.  Azərbaycan xalqının milli-mənəvi dəyərləri ən çox da el sənətkarlığında qorunub saxlanılıb. Dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biri olan xalçalar və xalçaçılıq sənəti tarixən həm xalqımızın məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətimizin bariz nümunəsi olub. Çünki, toxunan hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü, inancları, adət-ənənələri ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Bu baxımdan Naxçıvan xalçaları hər zaman öz ornamentləri, toxuculuq texnikası, bədii motivləri ilə Azərbaycan xalçalarının ən yaxşı nümunələri sırasında özünəməxsus yer tutub.

Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sənəti və onun öyrənilməsi daim diqqət mərkəzində saxlanılıb, bu sənət sahəsinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, unudulmaqda olan milli ornamentlərin qorunması və gələcək nəsillərə ötürülməsi, sahəsində bir sıra mühüm və məqsədyönlü işlər həyata keçirilib. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir.  Proqramın əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və təbliği, xalçaçılığın rəqabət qabiliyyətinin yüksəldilməsi, əllə toxunan xalçaların ixrac potensialının gücləndirilməsi, xalçaçılıqda bütün istiqamətlər üzrə kadr potensialının gücləndirilməsi, xalçaşünaslıq sahəsi üzrə nəzəri və praktiki elmi tədqiqatların əlaqələndirilməsi, bu sahədə bütün lazımi infrastrukturun yaradılmasıdır. 

Proqramda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı 2020-ci ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Xalq Yaradıcılığı Emalatxanası”nda 20, Cəlilkənd Buzxanasında 9 xalça toxunub, 14 xalçanın satışı həyata keçirilib. Dövlət proqramının icrasına uyğun olaraq yaradılmış əllə toxunmuş xalçaların reyestrinə ötən il 50 xalça haqqında məlumat daxil edilmişdir.

Sənətkarların bədii-texniki iş üsullarının öyrənilməsi, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi barəsində qarşıya qoyulan tapşırıqların icrası 2020-ci ildə diqqətdə saxlanılıb. Belə ki, bu istiqamətdə əvvəlcədən təsdiq olunmuş tədris planına əsasən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Xalq Yaradıcılığı Emalatxanası”nda təşkil olunan kursda 7 müdavimə xalçaçılıq sənətinin sirləri öyrədilib və onlara müvafiq sertifikatlar təqdim olunub. Həmçinin Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən “Xalçaçı” kursunu bitirən 17,  Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 2019-cu ildən fəaliyyətə başlayan “Xalçaçı” kursunu başa çatdıran 12 müdavim sertifikatla təmin olunub. Həmin məktəbdə noyabr ayından fəaliyyətə başlayan kursda 15 müdavimin isə təhsili davam etdirilir. 2020-ci ildə Şərur, Culfa və Heydər Əliyev uşaq-gənclər yaradıcılıq mərkəzlərində xalçaçılıq dərnəklərinin yaradılması bu sahədə fəaliyyətin daha da genişləndirilməsinə şərait yaradıb.

Xalçaçılığın inkişafı üçün nəzərdə tutulan müvafiq infrastruktur bazasının formalaşdırılması məqsədilə 2020-ci ildə xalçaçılıqda istifadə olunan xammalın, təbii boyaların muxtar respublikada istehsal imkanları araşdırılıb və hazırlanan layihənin sahibkarlara təqdimatı həyata keçirilib. Bununla yanaşı Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin xalça istehsalı müəssisəsinin  və Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi qurulması üzrə artıq tamamlama işləri həyata keçirilir. Yaradılacaq yeni müəssisələr özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatını ödəməklə yanaşı, bu sahədə idxaldan asılılığın aradan qaldırılmasına da şərait yaradacaq.

Ötən dövr ərzində muxtar respublikada  istehsal olunan xalçaların ixracının təşviqi və satış bazarlarının müəyyənləşdirilməsi məqsədilə xarici xalça bazarlarının araşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən araşdırılması, qədim və milli çeşnilərin yenidən bərpası, xalçaçılıq ənənələrin qorunması məqsədilə aparılan tədqiqatlar nəticəsində əldə edilən məlumatlar xalçaçılıq irsinin təbliği üçün də yeni imkanlar açır. Ötən il Dövlət Proqramında bu istiqamətdə nəzərdə tutulan vəzifələrin icrası məqsədilə araşdırma və tədqiqat işləri davam etdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin 2020-ci il üzrə təsdiq olunmuş elmi-tədqiqat planına əsasən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Naxçıvanda xalçaçılığın inkişaf tarixi” mər­hələsi üzrə tədqiqat işləri aparılmışdır. Tədqi­qat­ın nəticəsi kimi açıq dünya ensiklo­pediyası olan Vikipediyada toxuculuq sə­nəti haqqında mə­qalə yerləşdirilmiş­dir. Bölmənin əmək­daşları tərəfindən hazırlanan “Nax­çı­van memarlıq abidələri və xalça nümu­­­nə­ləri üzərindəki orna­ment­lər­in oxşar­lığı”, “Naxçıvan xalçaları üzərindəki həndəsi orna­mentlər” baş­lıqlı məqa­lə­­lər bir sıra internet portalların­da yerləşdiril­ib, “Nax­çıvan xalça­ları üzərindəki motivlər”, “Naxçıvanda milli geyim mədə­niy­­yə­ti­nin formalaşmasında ipəkçiliyin rolu”, “Nax­çıvan xalçalarında Əcəmi möhürü” adlı məqalələr çap edilib. Eyni zamanda bölmənin əmək­daşları Tür­kiyə Respublikasında keçirilən “IV Bey­nəl­xalq Mardin Elmi Araşdırmalar Konqresi”ndə “Naxçıvan və Anadolu xalça və kilim motivləri” möv­zusunda çıxış edib. Tədqiqatçıların çıxışları konqresin məruzələr toplusunda çap olunub. Həmçinin, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılmasını və inkişaf etdirilməsi öz müsbət nəticələrini verməkdədir. Xalçaçılarımızın qabiliyyət və bacarığını, tükənməz sənət imkanlarını göstərən xalçaçılıq həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva edən qiymətli el sənətidir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti