Son illərdə muxtar respublikada aqrar sektorun intensiv metodlara əsaslanan inkişafına yönəlmiş iqtisadi siyasət, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, təsərrüfatçılara subsidiya və güzəştlərin verilməsi, onların ən müasir texnikalarla güzəştli şərtlərlə təmin olunması öz nəticəsini vermiş, çoxsaylı heyvandarlıq, quşçuluq, bağçılıq və tingçilik, arıçılıq, üzümçülük, əkinçilik təsərrüfatları, soyuducu anbar və istixana kompleksləri yaradılmışdır. Bu isə öz növbəsində kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq məhsullarının qiymətlərinin sabitləşməsinə şərait yaratmışdır.
Əhalinin ilin bütün fəasillərində kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun şəkildə, ekoloji cəhətdən təmiz, yerli istehsal məhsulları ilə təmin olunmasında soyuducu anbar və istixana komplekslərinin rolunu xüsusilə vurğulamaq lazımdır. Soyuducu anbarların yaradılması payız və qış dövründə istehlakçılara keyfiyyətli meyvə və tərəvəzin çatdırması ilə yanaşı ixracı da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması deməkdir ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında öz əksini tapır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti