Son illər ərzində muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılıb, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin, müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyi əhəmiyyətli investisiya mənbəyidir. “İxrac ili” elan olunmuş 2020-ci ildə Babək rayonundakı sahibkarlara da dövlət maliyyə dəstəyi göstərilib, istehsal olunan məhsulların xarici bazarlara çıxarılması təmin edilib.
Yaradılan əlverişli mühitin nəticəsidir ki, bir neçə il bundan öncə formalaşan ailə təsərrüfatları bu gün iri sahibkarlıq subyektlərinə çevriliblər. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə fəaliyyət göstərən insanların zəhməti, zəngin təsərrüfatçılıq ənənələrindən düzgün istifadə yeni sahibkarlar sinfinin formalaşmasına şərait yaradıb. Yaradılan hər bir təsərrüfat sahəsi, sahibkarlıq subyekti həm də yeni iş yerləri deməkdir. Məlumat üçün deyək ki, ötən il Babək rayonunda Sahibkarlığın İnkişafı Fondu tərəfindən müxtəlif sahələr üzrə 32 layihənin maliyyələşdirilməsinə 550 min manat dövlət maliyyə dəstəyi göstərilib. Bu dövrdə Fond tərəfindən 25 layihə üzrə heyvandarlıq təsərrüfatının yaradılması üçün 420 min 900 manat, 3 arıçılıq təsərrüfatının yaradılması üçün 51 min manat, 1 quşçuluq təsərrüfatının yaradılması üçün 26 min manat, 2 bağçılıq təsərrüfatının yaradılması üçün 45 min 100 manat, qarğıdalının və bostan bitkilərinin əkin sahəsi üçün 7000 min manat vəsait yönəldilib. Ötən il özəl investisiya hesabına Babək rayonunda 1 plastik səbət istehsalı sahəsinin, 1 soyuducu anbarın, 2 istixana təsərrüfatının yaradılması işi başa çatdırılıb. “İxrac ili”ndə Babək rayonunda 37-si dövlət, 4-ü özəl olmaqla, 41 layihə üzrə işlər başa çatdırılıb. İl ərzində mütəmadi olaraq Fond tərəfindən verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılıb, təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılıb. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması, beynəlxalq sərgilərdə nümayiş olunması “İxrac ili”ndə də diqqət mərkəzində olub. Bu dövrdə “Sirab” Açıq Səhmdar Cəmiyyətinin biri onlayn olmaqla, üç beynəlxalq sərgidə iştirakı təmin edilib. Həmçinin, Moskva şəhərində keçirilən “Prodexpo”, eləcə də Dubay şəhərində təşkil olunan “Gulfood” beynəlxalq qida sərgisində “Sirab”ın 20 çeşidə yaxın məhsulu nümayiş olunub.
Bir sözlə, muxtar respublikada fəaliyyət göstərən sahibkarlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Çünki bu sahənin inkişafı qarşıda duran prioritet vəzifələrdən hesab olunur. Sahibkarlıq inkişaf edirsə, deməli, ərzaq təhlükəsizliyi təmin olunur, yeni iş yerləri yaradılır, xarici bazarlara çıxış təmin olunur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti