Şərqin qədim yaşayış məskənlərindən olan Naxçıvanın füsunkar təbiəti mineral sularla çox zəngindir. Təsadüf deyil ki, bu diyarı dünyanın təbii və mineral sular muzeyi də adlandırırlar. Ümumiyyətlə, muxtar respublikada 230-a yaxın mineral su mənbəyi mövcuddur ki, hazırda onların bir neçəsindən intensiv istifadə olunur. Öz kimyəvi tərkibinə və rəngarəngiliyinə görə seçilən bu sular tarixən həm süfrələrin bəzəyi olmuş, həm də müalicəvi su kimi istifadə edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Naxçıvanın müalicə əhəmiyyətli suları müxtəlif tərkiblərə malikdir.
Müalicə əhəmiyyətinə görə Sirab, Qahab, Vayxır, Qızılburun, Darıdağ kimi mineral suları çox məşhurdur. Məsələn, "Sirab-12" az minerallaşmış, soyuq, karbon qazlı və hidro-karbonatlı mineral sudur. "Vayxır-7" mineral suyu daha çox xroniki mədə və digər xəstəliklərdə istifadə edilir. Vayxır, Sirab, Badamlı, Darıdağ, Qızılburun, Nəhəcir mineral sularından isə əsasən içməli su kimi istifadə olunur.
Muxtar respublikanın dünyaca tanınmış brendinə çevrilən “Badamlı” mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı qəsəbəsinin cənub qərbində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Zəngin tarixə malik "Badamlı" zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərməyə başlamışdır. Hələ sovet dövründə bu müəssisənin şöhrəti ittifaq miqyasında dolaşırdı. 1970-80-ci illərdə həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 faizi respublikamızdan kənara göndərilirdi. 90-cı illərdə fəaliyyətində durğunluq yaranan müəssisənin 2004-cü ildə "Gəmiqaya Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən özəlləşdirilməsi ilə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni mərhələdə fəaliyyət göstərməyə və tədricən əvvəlki şöhrətini bərpa etməyə başlamışdır. 2009-cu ildə ikinci dəfə sənaye üsulu ilə istehsala başlayan müəssisənin Naxçıvan şəhərində yeni zavodu istifadəyə verildi. Lakin “Badamlı” mineral suyuna həm daxili, həm də xarici bazarlarda tələbatın artması, eyni zamanda beynəlxalq sertifikasiya təşkilatlarının tələblərinə uyğun olaraq mineral suyun mənbəyinə yaxın yerdə qablaşdırılması yeni zavodun tikilməsini zərurətə çevirdi.
“Badamlı” mineral suyun şöhrətinin özünə qaytarılması, istehsal gücünün artırılması və bilavasitə ixrac bazarlarının genişləndirilməsi, muxtar respublikanın təbii sərvətlərindən daha səmərəli istifadəni həyata keçirmək məqsədilə 2020-ci ilin may ayında Şahbuz rayonunun Badamlı qəsəbəsində mineral suyun mənbəyində, müəssisənin yeni zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dövründə fəaliyyət göstərən zavoddan fərqli olaraq yeni zavod mineral bulağın su ehtiyatlarında 100 faiz istifadə etməyə imkan verir. Türkiyənin “Ektem” və Fransanın bu sahədə dünya üzrə lideri “Sidel” şirkətlərinin ən müasir və tam avtomatlaşdırılmış avadanlıqları ilə təchiz olunmuş zavodun illik gücü 150 milyon ədəd şərti butulkadır.
Yeni müəssisənin istifadəyə verilməsi ətraf kəndlərdə yaşayan əhalinin məşğulluğunun təmin olunmasına da öz tövhəsini verir. Belə ki, zavodda 72 nəfər işlə təmin olunmuşdur.
Müəssisədə 14 çeşiddə istehsal olunan qazlı və qazsız “Badamlı” suları təkcə Naxçıvanda deyil, ölkəmizin hər yerində, eləcə də Rusiya, Qazaxstan, Birləşmiş Ərəb Əmirliyi, Çin və İraq kimi ölkələrdə də özünə alıcı kütləsi toplamışdır.
Bu qiymətli təbii sərvətin ixrac imkanlarının artması, xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi bir tərəfdən biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən “Badamlı” təbii mineral süfrə suyunun dünya standartlarına uyğun yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyəti ilə əlaqədardır.
Son illərdə muxtar respublika iqtisadiyyatının ildən-ilə hərtərəfli inkişafı təbii sərvətlərdən daha səmərəli istifadəyə imkan yaradır. Əldə olunan iqtisadi nailiyyətlərin nəticəsidir ki, bu gün artıq Naxçıvan ölkəmizin əsas mineral su istehsalçısına çevrilmişdir.
Qəhrəmanov Hümbət
"Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
"Biznes Həyatı" jurnalı