Naxçıvanda meyvəçiliyin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər

 

 Aqrar sahədə inkişafın davamlılığını təmin etmək məqsədilə dövlət proqramları, qanunlar qəbul olunur, aqrar sahənin inkişafına hesablanmış tədbirlər həyata keçirilir. “Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin” - deyən ölkə Prezidenti aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində  konkret  tədbirlər  görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan vermiş, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılmışdır. Qəbul edilən dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər məhsul bolluğuna zəmin yaratmış, təsərrüfatın müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirmişdir.

 Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtgü materiallarına görə verilən yardımların hər hektar üçün 50 manata çatdırılması, istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara bu sahəni inkişaf  etdirmək  üçün güclü stimul vermişdir.

2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul edilmiş ikinci dövlət proqramının icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.

Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, yeni meyvə bağları salınmış, hər il torpaq mülkiyyətçiləri, bağbanlar bol məhsul istehsal etmişlər. Naxçıvana məxsus meyvə sortlarının istehsalının artırılması ilə yanaşı, onların təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır.  Meyvəçiliyin inkişafının stimullaşdırılması, göycədən hazırlanan məhsulların satışı və tanıdılması məqsədilə 2019-cu ildə Naxçıvan şəhərində “Göycə” festivalı keçirilmişdir. Bu isə təkcə yerli sakinlərin deyil, Naxçıvana gələn əcnəbi turistlərin də bu aborigen meyvəyə olan marağını artırır və onun dünya səviyyəsində bir brend kimi tanınmasında  əhəmiyyətli rol oynayır.

 Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik olan, aborigen meyvə sortlarına dair AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda tədqiqat işləri mütəmadi olaraq aparılır. “Meyvə, tərəvəz və üzümçülük” labоratоriyasında Muxtar respublika ərazisində becərilən heyva, gilas, albalı, ərik, gavalı, şaftalı, alça sort və formaları plana uyğun olaraq tədqiq edilir, toplanılması və aqroekoloji xüsusiyyətlə­ri­nin öyrənilməsi və fərdi klon seleksiyası üsulu ilə seçilmiş yeni süfrə və texniki üzüm sort və formalar biomorfoloji xüsusiyyətləri araşdırılır. 

Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdəndir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. 2019-cu il ərzində bu sahədə bir sıra tədbirlər görülmüş, muxtar respublikada 519,4 hektar sahədə yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.

2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul edilmiş dövlət proqramı çərçivəsində  muxtar respublikada iritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda Naxçıvanda ümumi tutumu 19 min 340 ton olan 42 soyuducu anbar və sahəsi 138 min 835 kvadratmetr olan 31 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır.

Bu tədbirlərin davamı olaraq 2019-cu ildə belə anbarların yaradılması məqsədilə Sa­hibkarlığın İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirilməsinə 80,0 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. 2019-cu ildə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 3 soyuducu anbarın genişləndirilməsi başa çatdırılmışdır.

İхtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının, müasir emal, qablaşdırma müəssisələrinin yaradılması və ixracyönümlü məhsul istehsal edən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 102 layihənin maliyələşdirilməsinə 1 milyon 553 min 100 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Əhalinin ucuz və keyfiyyətli məhsullarla tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə və bazar günləri kənd təsərrüfatı, emal sənayеsi məhsullarının satışı yarmarkası təşkil olunmuş, yarmarkaya kənd təsərrüfаtı məhsulları ilə yanaşı ailə təsərrüfatlarının istehsal etdiyi məhsullar da çıxarılmışdır.

Muxtar respublikada ənənəvi kənd təsərrüfatı sahələrindən biri də üzümçülükdür. Son illərdə bu sahənin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Babək rayonunun Nehrəm kəndində mövcud üzüm bağı genişləndirilərək 220 hektara çatdırılmışdır.

2019-cu il ərzində Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına muxtar respublika üzrə üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 2 layihənin maliyyələşdirilməsinə 15,0 min manat, 2 layihə üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 19,0 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılmış, 2019-cu il ərzində muxtar respublika ərazisində 252,0 ha sahədə meyvə bağı salınmışdır.

Sığorta işinin əhəmiyyəti mövzusunda torpaq mülkiyyətçilərinin iştirakı ilə rayon, qəsəbə və kəndlərdə müvafiq seminarlar keçirilmiş, 2019-cu ildə 625 vətəndaşa məxsus əkin sahəsi sığortalanmışdır.

Geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsulların muxtar respublikaya idxalına yol verilməməsi barədə xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüşlər keçirilmişdir. Naxçıvan Gömrük Ekspertizası İdarəsində genetik modifikasiya olunmuş məhsulların analizinin aparılması üçün müvafiq avadanlıqlar alınmışdır.

Aqrar sahənin elmi şəkildə inkişafı üçün “Araz” Elm-İstehsalat Birliyi, həmçinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş Aqrokimya Laboratoriyası yaradılmışdır.

Muxtar respublikada şoranlaşmış və qurunt sularının üzə çıxması nəticəsində əkin dövriyyəsindən çıxmış torpaq sahələri müəyyənləşdirilmiş, həmin sahələrin əkin dövriyyəsinə qaytarılması və bu prosesin qarşısının alınması üçün torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılmışdır. Bu dövrdə Şərur, Culfa, Babək, Sədərək rayonlarında bataqlaşan və şoranlaşan torpaq sahələrində kollektorlar, açıq drenajlar lildən təmizlənmiş, yeni açıq və qapalı drenajlar tikilmişdir.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, 2019-cu ildə 583,2 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 323 mindən artıq ağac və gül kolu əkilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su Monitorinq Laboratoriyası yaradılmışdır.

Muxtar respublikanın torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla torpaqlardan səmərəli istifadə edilməsi, əkinəyararlı torpaq sahələrinin məhsuldarlığının yüksəldilməsi intensiv amillərin rolunun artırılması, əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Rayonlar üzrə taxılçılıq, bostançılıq, tərəvəzçilik və meyvəçilik əkini atlasları hazırlanmışdır.

Son illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə cəmiyyət və birliklərin yaradılması diqqətdə saxlanılmış, “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” və “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətləri təsis edilmiş, Ailə Təsərrüfatları İctimai Birliyi və “Naxçıvan Muxtar Respublikası İstixanaçıları” İctimai Birliyi yaradılmışdır.

 

Anar Cəfərov

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin

"İqtisadi təhlil və proqnozlaşdırma" şöbəsinin müdiri

"Biznes Həyatı" jurnalı