Ərzaq təhlükəsizliyinin təmin edilməsi diqqətdə saxlanılır

 

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir. Aydındır ki, iqtisadiyyatın şaxələndirilməsində, yerli məhsulların ixrac bazarlarının artırılmasına nail olunmasında ən mühüm faktorlardan biri rəqabət qabiliyyətli məhsul istehsalıdır. Rəqabət qabiliyyətlilik isə bir neçə  amilə əsaslanır ki, onlardan ən əsası keyfiyyət amilidir. Xüsusilə ərzaq məhsullarının keyfiyyətinə nəzarətin beynəlxalq normalara uyğun aparılması ixracda xüsusi əhəmiyyətlidir. Eyni zamanda daxili bazarda təklif olunan məhsulların keyfiyyət standartlarına cavab verməsi istehlakçıların hüquqlarının qorunmasına, əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsinə şərait yaradır.

Muxtar respublikada istehsal edilən və idxal olunan qida, eləcə də ixrac edilən qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin olunmasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna rolu var. 2001-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas iş prinsipi istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və daxili bazarı keyfiyyətsiz məhsullardan qorunması sahəsində dövlət nəzarətini təmin etməkdən ibarətdir. Bunun üçün ötən dövrdə cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsəd­yönlü tədbirlər həyata keçirilmiş, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə, Çin, Belarusiya, Rusiya, Hindistan istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınaraq quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti