Muxtar respublika sənayesi davamlı inkişaf yolundadır

 

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Son illərdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müəssisə fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan 2020-ci ildə də muxtar respublikada sənayenin inkişafı diqqətdə saxlanılmış, sənaye, aqrar və xidmət sahələri üzrə sahibkarlıq subyektləri tərəfindən 153 layihə dövlət maliyyə dəstəyi və 16 layihə özəl investisiya olmaqla, 169 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 772 yeni iş yeri açılmışdır. 3 layihə özəl investisiya, 30 layihə dövlət maliyyə dəstəyi olmaqla, 33 layihənin icrası davam etdirilmişdir.

Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ildə kiçik və orta biznesin inkişafının təmin edilməsi, sənaye müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsinin genişləndirilməsinə, kapsul və qapaq, polietilen məmulatları, enerji içkiləri istehsalı və digər sənaye sahələrinə ümumilikdə 11 milyon 797 min 500 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir.

 Sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Şərur rayonunda sənaye məhəlləsinin yaradılması muxtar respublikada sənayenin yeni, elm və əməktutumlu sahələrinin yaradılmasına və ixrac potensialının artırılmasına, istehsal prosesinin daha səmərəli hala gətirilməsi üçün əlverişli infrastrukturun qurulmasına, emal sənayesinin şaxələndirilməsinə zəmin yaradır.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti