Səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əhalinin rifahının yüksəldilməsində mütərəqqi əhəmiyyətə malikdir. Bu baxımdan görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın xüsusi rolu vardır. Proqramın icrası ilə bağlı təsdiq olunmuş Tədbirlər Planında İqtisadiyyat Nazirliyinin qarşısına bir sıra mühüm vəzifələr qoyulmuşdur. Bunlardan aktiv məşğulluq tədbirləri içərisində yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi xüsusi önəm kəsb edir. Bu tədbirlər bir tərəfdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və genişləndirilməsi üçün stimullaşdırıcı xarakter daşıyırsa, digər tərəfdən müxtəlif təyinatlı müəssisələrdə yeni iş yerlərinin açılması ilə nəticələnir. 2016-2020-ci illərdə kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə 332 layihənin maliyyələşdirilməsinə 48 milyon 477 min 442 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Belə ki, ötən dövrdə 152 ailə təsərrüfatına 1.717.700 manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Ailə təsərrüfatlarına güzəştli şərtlərlə dövlət maliyyə dəstəyinin göstərilməsi həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan vermişdir.
Qeyd edim ki, Dövlət Proqramının təsdiq edildiyi gündən bu günədək muxtar respublika ərazisində yeni yaradılan istehsal və xidmət sahələrində dövlət maliyyə dəstəyi hesabına 1439, özəl investisiya qoyuluşu hesabına 811 olmaqla, ümumilikdə 2250 yeni iş yeri yaradılmışdır.
Sahibkarlığın inkişafını şərtləndirən tədbirlər içərisində dövlət maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, bu fəaliyyətə yeni başlamaq istəyənlər üçün müvafiq kursların təşkili də başlıca rol oynayan amillərdəndir. Çünki düzgün istiqamətləndirmə və uğurlu plan əsasında qurulan iqtisadi fəaliyyətin nəticəsi də effektiv olur. Dövlət proqramında da bu məqsədlə müxtəlif tədbirlərin təşkilini nəzərdə tutan tapşırıqlar müəyyən edilmişdir. 2016-2020-ci illərdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün 5 kurs, 4 seminar, 3 təlim keçirilmiş, 280 halda şifahi konsaltinq xidməti göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti