Muxtar respublikada xalça sənətinin tarixi olduqca qədimdir. I Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddimədəniyyət nümunələri naxçıvanlıların xalçaçılıq sənəti ilə neolit dövründən etibarən məşğul olduğunu özündə əks etdirir. Naxçıvan xalçaçılıq məktəbi qədim xalçaları, palaz, kilim, cecim və zililəri ilə məşhurdur. Bu məktəbin nümunələri ən qədim tarixi dövrlərin yadigarı kimi bu gün də qorunub yaşadılır.
Qeyd edək ki, Naxçıvan xalçaları Qarabağ xalçaçılıq məktəbinə aiddir və müxtəlif naxışlı, xovlu xalça növüdür. Qədim türk yurdu Naxçıvanda tarixən xalçaçılıq inkişaf edib. Sənətşünasların verdiyi məlumata görə, Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Bəllidir ki, Naxçıvan Azərbaycanın qədim yurdlarından biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX-X əsrlərdə Naxçıvan öz xalça və zililəri ilə məşhur idi, X-XII əsrlərdə isə, artıq bədii metal qablar istehsalının mərkəzi idi.
Naxçıvan xalçalarının bədii analizini verən sənətşünaslar bildirir ki, Naxçıvanın xalçaçılıq məntəqələrində toxunan "Naxçıvan xalçaları" müxtəlif naxışlı xalçalardır və onlar birlikdə "Naxçıvan xalçaları" adını alıblar. "Naxçıvan xalçaları"nı bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar.
Birinci qrupa müxtəlif dövrlərdə Naxçıvan ustaları tərəfindən yaradılan həndəsi naxışları olan xalçalar daxildir. Əsrlər boyunca onlar bədii nöqteyi-nəzərdən mükəmməlləşdirilib, onların çalarları daha da gözəlləşdirilib. Onların təsviri çoxorijinaldır. Orta sahə zərif zolaqlardan-mədaxildən ibarətdir ki, bu da orta əsrlərin kətan parçalarını xatırladır. Fərz etmək olar ki, bu xalçalar vaxtilə Naxçıvanda istehsal olunan parçaların naxışlarından iqtibas edib. Qeyd edilməlidir ki, zolaqnaxışları qədim zamanlardan Naxçıvan incəsənəti üçün səciyyəvidir. X əsrdə Naxçıvanda çox məşhur olan tesmalar istehsal olunurdu. Onun bədii quruluşunu zolaqlar təşkil edirdi.
"Naxçıvan xalçaları"nın ikinci qrupuna XVII-XVIII əsrlərdə toxunan böyük xalılar daxildir. Belə xalıların bir neçəsi İstanbulda "Türk və İslam əsərləri muzeyi"ndə saxlanır. Bu xalçalar xalçaçılıq texnikasını çox yaxşı bilən peşəkar rəssamların eskizləri əsasında XIV-XVI əsrlərdə toxunub. Əsas istehsal mərkəzləri Naxçıvan, Bərdə, daha sonralar isə Şuşa şəhəri olub.
Texniki xüsusiyyətlərinə gəlincə, sənətşünaslar bildirir ki, "Naxçıvan xalçaları" adını daşıyan xalça və xalılar uzunsov formada daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə böyük olur. Nadir hallarda daha hamar xalçalara darast gəlmək olar. "Naxçıvan xalçaları"nın ölçüləri 100x150 sm-dən 160x260 sm-ə qədər ölçülər arasında dəyişir.
"Naxçıvan xalçaları"nda bir kvadrat desimetrdə təxminən 35x35 ilmə (düyün) yerləşir. Bir kvadratmetrdə isə 122 min ilməyə təsadüf edilir.
"Naxçıvan xalçaları"nda xovun hündürlüyü 6-8 mm-dir. "Naxçıvan xalçaları" hələ qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən yaxşı nümunələri hesab edilir.
Azərbaycanın qədim yurd yerlərindən biri olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu gözəl diyarda yaşı minilliklərlə ölçülən zəngin bir mədəniyyət yaradıb. Naxçıvan həm də dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Naxçıvan torpağının zəngin mədəni irsində xalçaçılıq sənəti xüsusi yer tutur. Zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Naxçıvanda hələ qədim dövrlərdən xalçaçılığın geniş inkişafı üçün münbitşərait olub.