Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sənəti və onun öyrənilməsi daim diqqət mərkəzində saxlanılıb, bu sənət sahəsinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, unudulmaqda olan milli ornamentlərin qorunması və gələcək nəsillərə ötürülməsi, sahəsində bir sıra mühüm və məqsədyönlü işlər həyata keçirilib. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Proqramın əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və təbliği, xalçaçılığın rəqabət qabiliyyətinin yüksəldilməsi, əllə toxunan xalçaların ixrac potensialının gücləndirilməsi, xalçaçılıqda bütün istiqamətlər üzrə kadr potensialının gücləndirilməsi, xalçaşünaslıq sahəsi üzrə nəzəri və praktiki elmi tədqiqatların əlaqələndirilməsi, bu sahədə bütün lazımi infrastrukturun yaradılmasıdır.
Proqramda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı 2020-ci ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Xalq Yaradıcılığı Emalatxanası”nda 20, Cəlilkənd Buzxanasında 9 xalça toxunub, 14 xalçanın satışı həyata keçirilib. Dövlət proqramının icrasına uyğun olaraq yaradılmış əllə toxunmuş xalçaların reyestrinə ötən il 50 xalça haqqında məlumat daxil edilmişdir.
Sənətkarların bədii-texniki iş üsullarının öyrənilməsi, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi barəsində qarşıya qoyulan tapşırıqların icrası 2020-ci ildə diqqətdə saxlanılıb. Belə ki, bu istiqamətdə əvvəlcədən təsdiq olunmuş tədris planına əsasən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Xalq Yaradıcılığı Emalatxanası”nda təşkil olunan kursda 7 müdavimə xalçaçılıq sənətinin sirləri öyrədilib və onlara müvafiq sertifikatlar təqdim olunub. Həmçinin Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən “Xalçaçı” kursunu bitirən 17, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 2019-cu ildən fəaliyyətə başlayan “Xalçaçı” kursunu başa çatdıran 12 müdavim sertifikatla təmin olunub. Həmin məktəbdə noyabr ayından fəaliyyətə başlayan kursda 15 müdavimin isə təhsili davam etdirilir. 2020-ci ildə Şərur, Culfa və Heydər Əliyev uşaq-gənclər yaradıcılıq mərkəzlərində xalçaçılıq dərnəklərinin yaradılması bu sahədə fəaliyyətin daha da genişləndirilməsinə şərait yaradıb.