Sahibkarlıq inkişaf etdirilir, yeni iş yerləri yaradılır

2021-ci ilin ötən dövründə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla əsaslanan, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilərək iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 9 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 33 sahənin yaradılması davam etdirilmişdir. Yeni müəssisələrin yaradılması yeni iş yerlərinin açılamasına şərait yaradır.

Bu baxımdan cari ilin ötən dövründə yeni yaradılan bu müəssisələr hesabına ümumilikdə 32 yeni iş yeri açılmış, 387-si dövlət maliyyə dəstəyi hesabına, eləcə də 232-si özəl investisiya hesabına olmaqla ümumilikdə 619 yeni iş yerinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarının məhz muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların dövlət maliyyə dəstəyi olan güzəştli kreditlərlə təmin olunması diqqətdə saxlanılmış, heyvandarlıq, bağçılıq, soyuducu anbar sahələri üzrə 7 layihənin maliyyələşdirilməsinə ümumilikdə 82000 manat kredit vəsaiti verilmişdir.

Muxtar respublikada ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı və aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na əsasən ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlıq və bağçılıq sahələrinin yaradılması məqsədilə 3 ailə təsərrüfatına 30 min manat dövlət maliyyə dəstəyinin göstərilməsi, təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə, istehsalın həcminin artırılmasına, yeni növ və çeşiddə məhsul istehsalına təkan vermişdir.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti