Hamiliyə verilmiş tələbələr üçün tədbir keçirilib

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir Naxçıvan Dövlət Universitetlərində keçirilib. Tədbiri universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Əşrəf Ələkbərov açaraq qeyd eib ki, Sərəncamın icrası diqqətdə saxlanılmaqla hami təşkilat və universitetin tələbələri arasında mütəmadi olaraq görüşlər keçirilir. Keçirilən tədbirlərin əsas məqsədi tələbələrin gələcəkdə peşə hazırlığına dəstək vermək, onların mütəxəssis kimi formalaşmasına töfhə verməkdir.

         İqtisadiyyat Nazirliyinin “Sənaye” şöbəsinin müdiri Elnur Mahmudov Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən dövlət dəstəyi mexanizmləri haqqında slayd materiallar vasitəsilə ətraflı məlumat verib. Qeyd edib ki, güzəştli maliyyə dəstəyi hesabına bu gün muxtar respublikada fəaliyyət göstərən kiçik, orta, iri sahibkarlıq subyektlərində istehsal olunan yüksəkkeyfiyyətli məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da ixrac olunur.

         "Cahan Holdinq” şirkətlər qrupuna daxil olan “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fehruz Zehirov müəssisənin fəaliyyət sahələri, istehsal olunan məhsullar, satış bazarları, müəssisənin xarici əlaqələri və ixrac baxzarları haqqında məlumat verib. Müəssisə rəhbəri bildirib ki, öz profilində Qafqazın ən böyük zavodu olan “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətində Almaniyanın “Duramax”, “Henkel”, Türkiyənin “Sarem makina”, “Mikrosan” və “Özge makina” şirkətlərinin istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb və prosesi avtomatlaşdırılıb.

Çıxışlardan sonra mövzular ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. Müzakirələrdə aktiv iştirak edən tələbələrə həvəsləndirici hədiyyələr tədqim olunub.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti