Sahibkarlar üçün seminar keçirilib

Ötən ay sahibkarlarla keçirilən görüşdə Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində martın 11-də Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq subyektlərində mühasibatlıq və idarəçilik” mövzusunda seminar keçirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyasının birgə  təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov açıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsində kiçik və orta sahibkarlıq subyektlərinin sayı getdikcə artmaqdadır. Qeyd olunub ki, muxtar respublikada sahibkarlıq subyektlərinin fəaliyyəti bu müəssisələrdə mühasibat işinin düzgün qurulmasından çox asılıdır. Mövcud müəssisələr istehsal etdikləri məhsulların xammal bazası, satış bazarı, alıcılıq və rəqabətqabiliyyətinin təhlil edilməsinə xüsusi önəm verməlidirlər. Çünki mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. Buna görə də mühasibat uçotunun aparılması qaydaları ilə bağlı keçirilən bu təlim, düşünürük ki, hər bir müəssisə üçün faydalıdır.

 “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının aparat rəhbəri Azər  Cəfərov çıxışında sahibkarlığa gedən yoldan, biznes fəaliyyətindən, muxtar respublikanın iqtisadiyyatının yüksədilməsində sahibkarlıq subyektlərinin rolundan danışıb. Sahibkarlıq subyektlərində mühasibat işinin təşkili çox böyük əhəmiyyət kəsb edir. Çünki mühasibat uçotu vacib və mürəkkəb bir sistemdir. Bəzi hallarda müəssisələrin gələcəyi bu sistemin düzgün və effektiv qurulmasından asılıdır deyə vurğulayıb.

Seminarda “Optimal Qrup” MMC-nin direktoru Murad Rüstəmov, nümayəndələr İlkin Heydərli və Şəhla Ramazanova cəmiyyətin səmərəli fəaliyyəti, güclü mühasibatlıq sisteminin qurulması, logistikanın ümumi məğzi və təlimin faydaları mövzusunda çıxışları ediblər. Slaydlar vasitəsilə müxtəlif mövzuları əhatə edən seminar daha sonra müzakirə şəklində davam edib və iştirakçıların sualları cavablandırılıb.

 

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti