“Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixrac imkanları artıb

 

  Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə şərait yaradıb, nəticədə, muxtar respublikada müxtəlif çeşidlərdə yüksəkkeyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb.

Belə müəssisələrdən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Mebel fabrikində divan, kreslo və yumşaq oturacaqlı stullar, döşəmə, həmçinin ofis, mətbəx, yataq mebelləri, qapı-pəncərə, dekorasiya və qapı-pəncərələrin boyanması üçün boyaqxana sexləri fəaliyyət göstərir.
Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıqlar istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir. Fabrikdə tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə olunan materialların və hazır məhsulların uzun­ömürlülüyünü təmin edir. Material kimi istifadə olunan məhsulların bir qismi Türkiyə Respublikasından, Afrika ölkələrindən, Gürcüstandan idxal olunur. Digər materialların bir qismi isə Naxçıvana məxsusdur.