Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ötən dövrdə muxtar respublikada ardıcıl şəkildə həyata keçirilməsi, bütövlükdə, sosial-iqtisadi inkişafı təmin edib, eyni zamanda, muxtar respublikada yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu və məqsədyönlü islahatlar aparılıb. Əldə edilən nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də Dövlət proqramlarının uğurla icra edilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən edilən tapşırıqlar muxtar respublika əhalisinin sosial rifahına və iqtisadi sahədə səmərəli təşəbbüskarlığa yönəlib. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə də kompleks tədbirlər həyata keçirilib.