NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “2021-2025”-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”na uyğun olaraq Kəngərli rayonunda qızılgül plantasiyasının sahəsi daha da genişləndirilib. Rayonda da qızılgül sahələrinin artırılmasına xüsusi diqqət yetirilir. Təkcə ötən il rayonda 0,8 hektar ərazidə qızılgül plantasiyası salınıb. Ötən dövrdə qeyd olunan əraziyə 2300 qızılgül kolu əkilib. Rayonda qızılgül sahələrinin genişləndirilməsi qarşıya məqsəd qoyulub. Bu məqsədlə 0,3 hektarlıq yeni ərazidə 600 qızılgül kolu əkilib.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qızılgül sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi nəzərdə tutulub. Son illər bu istiqamətdə qəbul edilən müvafiq dövlət proqramının icrası istiqamətində Ordubad rayonu ərazisində, Əylis düzündə, onlarla hektar sahədə qızılgül kolları əkilib. Ailə təsərrüfatçıları bu müalicəvi bitkini əkib-becərməklə böyük iqtisadi səmərə əldə edə bilərlər.
Mədinə Rəhimli