Tələbələr “Cahan Pen” MMC-də istehsal prosesi ilə tanış olublar

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı tələbələrin gələcəkdə müvafiq sahələrdə peşəkar kadr kimi yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz tövhəsini verir. Sərəncamın icrası ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına əsasən növbəti 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələri ilə razılaşdırılmış tədris planı hazırlanıb, mütəmadi olaraq hamiliyə götürülmüş tələbələrlə startap layihələrinin hazırlanması, təqdimatı, eləcə də muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən mövzularda bir sıra görüşlər keçirilib.

Bu tədbirlərin davamı olaraq Nazirlik tərəfindən Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrin “Cahan Pen” MMC-də istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.

Burada tələbələrə mütəxəssislər tərəfindən müəssisənin yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti izah olunub, xammaldan hazır məhsul buraxılışınadək bütün istehsal mərhələləri haqqında məlumat verilib.

Sonda tələbələrin istehsal prosesi ilə bağlı sualları cavablandırılıb.