Muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfə verən Babək rayonu bu gün müstəqilliyin təntənəsini yaşayır. Son illər rayonda aparılan geniş abadlıq-quruculuq işləri, müdafiə, ərzaq və enerji təhlükəsizliyi sahəsində görülən işlər, kənd təsərrüfatının dinamik inkişafına hesablanmış islahatlar, məşğulluq məsələlərinin həlli şəhər, qəsəbə və kəndlərin başdan-başa yenilənməsinə, məskunlaşmanın artmasına, əhalinin rifah halının yaxşılaşmasına, məhsul bolluğuna, idxaldan asılılığın aradan qaldırılmasına ciddi təsir göstərib.
Sahibkarlıq rayon iqtisadiyyatında mühüm rola malikdir. Müstəqillik illərində dövlət maliyyə dəstəyi alan sahibkarlar rayonun sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlər nəticəsində sahibkarlar həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar. Bu gün Babək rayonunda 70-dən artıq sənaye müəssisəsinin fəaliyyət göstərməsi və bu müəssisələrdə 150-dən çox çeşiddə məhsul istehsal olunması əlverişli sahibkarlıq mühitinin formalaşmasından xəbər verir.
Hazırda rayon ərazisində sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi ardıcıl olaraq davam edir. Belə ki, cari ilin ötən dövrü ərzində fond tərəfindən kənd təsərrüfatıyönümlü 3 layihənin maliyyələşdirilməsinə 40 min manat güzəştli kredit verilib. Kreditlər, əsasən, heyvandarlıq, arıçılıq, üzümçülük təsərrüfatlarının yaradılmasına yönəldilb.
Muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında, eləcə də kənd yerlərində məşğulluğun təmin olunmasında ailə təsərrüfatlarının müstəsna rolu var. Aqrar sektorda tətbiq olunan güzəştlər və subsidiyalar ailə təsərrüfatlarının inkişafını stimullaşdırıb. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ötən il Babək rayonu üzrə heyvandarlıq, qarğıdalı və bostan əkini, bağçılıq sahəsinin yaradılması məqsədilə 9 ailə təsərrüfatına 121 min manatdan çox, cari ilin ötən dövrü ərzində isə 2 ailə təsərrüfatına 25 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti