Hamiliyə verilmiş tələbələrlə növbəti görüş keçirilib

 14 aprel 2021-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən 2020-2021-ci tədris ili üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “Menecment” ixtisasında təhsil alan tələbələrilə növbəti görüş keçirilib. Görüşün əsas məqsədi iqtisadiyyat sahəsinin gələcək kadrlarına muxtar respublikanın sosial-iqtisadi inkişafı, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə dövlət dəstəyi tədbirləri haqqında ətraflı məlumat vermək olub.

Görüşü giriş sözü ilə “İqtisadiyyat və idarəetmə” fakultəsinin dekan müavini Rauf Rəhimov açaraq Sərəncamın icrasından irəli gələn bu cür görüşlərin tələbələrin gələcəkdə peşə hazırlığına dəstək və onların mütəxəssis kimi formalaşmasına böyük stimul verdiyini vurğulayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Novruzlu Novruz “Sahibkarlığın inkişafı Fondunun fəaliyyəti və iqtisadiyyatın prioritet sahələrinə göstərilən dövlət maliyyə dəstəyinin əhəmiyyəti” mövzusunda çıxış edərək tələbələrə sahibkarlıq sahəsində əvəzsiz rola malik olan güzəştli kreditləşmə haqqında ətraflı məlumat verib. Bildirib ki, muxtar respublikada sahibkarlığa yeni başlayanlara, kiçik, orta və böyük sahibkarlıq subyektlərinə, eləcə də ailə təsərrüfatlarına verilən güzəştli kreditlərin səmərəliliyinin nəticəsidir ki, bu gün yüzlərlə istehal və xidmət sahəsi fəaliyyətə başlayıb, rəqabətqabiliyyətli məhsul istehsalına nail olunub, bir sıra ailə təsərrüfatları istehsal sahələrini genişləndirərək kiçik sahibkarlıq subyektlərinə çevriliblər.

İqtisadiyyat Nazirliyinin “Sahibkarlığın inkişafı” şöbəsinin müdiri Xudakərim Məmmədov mövzunun davamı olaraq Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Sonda mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələrdə fəallıq göstərən tələbələrə həvəsləndirici hədiyyələr təqdim olunub.