Naxçıvan şəhərində yeni istehsal müəssisələri yaradılıb

 

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır.

Ölkəmizdə strateji xarakter daşıyan sənaye müəssisələrinin yaradılması prosesinin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi həyata keçirilən genişmiqyaslı iqtisadi proseslərin tərkib hissəsidir. Dövlət başçısının də xüsusi diqqət göstərdiyi sənaye sahələrinin yaradılması prosesində muxtar respublikanın da fəal iştirak etməsi ilk növbədə əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açır. Təbii ki, bu cür müəssisələrin yaradılması həm də Naxçıvan Muxtar Respublikasında innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, özəl sektorun davamlı yüksəlişini təmin etməkdir.

Artıq muxtar respublikada yerli və idxal xammal əsasında işləyən çox sayda sənaye müəssisələri fəaliyyət göstərməkdədir. Bu müəssisələrin əksəriyyətinin Naxçıvan şəhərində olması muxtar respublika paytaxtının sənaye şəhəri adlandırılmasına əsas verir. Təkcə Naxçıvan şəhərində 35-ə yaxın profil üzrə 100-dən çox ixtisaslaşmış sənaye müəssisəsi vardır. Onlar arasında plastmas qablardan avtomobillərə, polietilen torbalardan mebellərə, quş ətindən şirniyyat məhsullarına qədər çox geniş profildə məhsullar istehsal edən müəssisələri qeyd etmək mümkündür. 

Ötən  ildə də bu istiqamətdə tədbirlər davam etdirilib. Belə ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir texnologiyaların tətbiqi ilə Naxçıvan şəhərində avtomobil istehsalı sahəsinin genişləndirilməsinə, enerji içkisi istehsalı sahəsinə, su taralarının, kapsul və qapaq sahəsinə, plastik məmulatların istehsalına və digər sənaye sahələrinə, ümumilikdə 11 milyon 798 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu da 2019-cu illə müqayisədə 29 faiz çoxdur.

Naxçıvan şəhəri üzrə cari ilin ötən dövrü ərzində 1-i özəl investisiya, 4-ü dövlət maliyyə dəstəyi olmaqla, 5 sənaye sahəsinin yaradılması başa çatdırılıb. Bu il sənaye sahəsi üçün ayrılan kreditlər odun kömürü istehsalı sahəsinin yaradılması, plastik kapsul və qapaq istehsalı, mebel istehsalı sahələrinin genişləndirilməsi, unlu-qənnadı məmulatların və kürə çörəyi istehsalı sahəsinin yaradılması məqsədilə verilib. Belə ki, alınmış kreditlər hesabına yaradılan bu 4 istehsal sahəsində, ümumilikdə, 19 nəfər üçün yeni iş yeri yaradılıb. 

Muxtar respublikamızda sənaye sahəsində yeni investisiyalar arasında özəl sərmayə qoyuluşunun da payı ildən-ilə artmaqdadır. Onlardan 11 nəfərin işlə təmin olunduğu Naxçıvan şəhərində “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan istilik sistemli kombi cihazlarının istehsalı sahəsi diqqəti cəlb edir. 

Sahibkarlığın İnkişafı Fondunun krediti və digər mənbələr hesabına Naxçıvan şəhəri üzrə sənaye yönümlü 6 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilməkdədir.

Göründüyü kimi, muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılmış şərait öz bəhrəsini verməklə, hər il yeni-yeni biznes sahələrinin yaradılmasına səbəb olur. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, biznesin təşkilinin sadələşdirilməsi, texniki avadanlıqların alınmasına güzəştlər edilməsi və daxili bazarın qorunması çoxlu sayda yeni sahibkarlıq obyektlərinin yaradılmasına imkan verir ki, bütün bunlar da muxtar respublika əhalisinin daha keyfiyyətli yerli məhsullarla təmin olunması deməkdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

      Nuh Yurdu qəzeti

        09.04.2021