Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Görüşdə İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov giriş sözü ilə çıxış edərək “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.
Sonra İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Novruzlu Novruz “Sahibkarlığın inkişafı Fondunun fəaliyyəti və iqtisadiyyatın prioritet sahələrinə göstərilən dövlət maliyyə dəstəyinin əhəmiyyəti” mövzusunda çıxış edərək tələbələrə sahibkarlıq sahəsində əvəzsiz rola malik olan güzəştli kreditləşmə haqqında ətraflı məlumat verib. Bildirib ki, muxtar respublikada sahibkarlığa yeni başlayanlara, kiçik, orta və böyük sahibkarlıq subyektlərinə, eləcə də ailə təsərrüfatlarına verilən güzəştli kreditlərin səmərəliliyinin nəticəsidir ki, bu gün yüzlərlə istehal və xidmət sahəsi fəaliyyətə başlayıb, rəqabətqabiliyyətli məhsul istehsalına nail olunub, bir sıra ailə təsərrüfatları istehsal sahələrini genişləndirərək kiçik sahibkarlıq subyektlərinə çevriliblər.
İqtisadiyyat Nazirliyinin “Sahibkarlığın inkişafı” şöbəsinin müdiri Xudakərim Məmmədov mövzunun davamı olaraq Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb. Həmçinin fəal tələbələrə həvəsləndirici hədiyyələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti