Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin faiz borclarının subsidiyalaşdırılması ilə bağlı tədbir keçirilib

 

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində  “25 aprel - Sahibkarlar Günü” və “Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin faiz borclarının subsidiyalaşdırılması” mövzusunda tədbir keçirilib.

Tədbirin əsas məqsədi sahibkarlığın inkişafı ilə bağlı aparılmış islahatlar, eləcə də pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin  kredit yardımını alması barədə sahibkarların məlumatlandırılmasıdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin,  Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının,  “Naxçıvan Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən  sahibkarlıq subyektləri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər nəticəsində geniş sahibkarlar sinfinin formalaşdığını və bu təbəqənin sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq hər il keçirilən “Sahibkarlar Günü” də sahibkarlara göstərilən qayğının bariz nümunəsidir.

Xudakərim Məmmədov bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna təqdim edilib. Artıq bu istiqamətdə 4 sahibkarlıq subyektinə subsidiyanın ayrıldığını, digər sahibkarlıq subyektlərinin bank hesablarına mərhələli şəkildə vəsaitin köçürüləcəyini vurğulayıb. Sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərar pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət etdiyini Xudakərim Məmmədov qeyd edib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sektor müdiri Azər Cəfərov bildirib ki, mövcud şəraitdə iş adamlarını maraqlandıran əsas məsələlərdən biri bazar fürsətlərinin öyrənilib qiymətləndirilməsidir ki, buna da konfederasiya tərəfindən bir sıra köməkliklər göstərilir. Pandemiya dövründə də sahibkarların hüquqlarını qoruyan, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən konfederasiya yaradılan şəraitdən maksimum istifadə olunmasına köməklik edir.

“Naxçıvan Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədr Müavini İsa İsayev çıxışında COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində “Naxçıvan Bank” ASC-nin də yaxından iştirak etdiyini qeyd edib. 2020-ci il dünya səviyyəsində pandemiya və onunla mübarizə ilə yadda qaldığını və ötən il ərzində davamlı şəkildə dəstək tədbirlərinin həyata keçirildiyini, tədbirlərin icrası çərçivəsində bank təşəbbüsü ilə sahibkarların mövcud şəraitdə dəstəklənməsi istiqamətində bir çox işlərin görüldüyünü vurğulayıb. 

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.

.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti