Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində iqtisadi və siyasi sabitlik təmin edilib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib və iqtisadiyyatın dinamik inkişafının əsası qoyulub. Həyata keçirilən islahatların başlıca məqsədi isə güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulması və inkişaf etdirilməsi olub.İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə, ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldilib. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında da özəl sektorun inkişaf etdirilməsinə böyük diqqət göstərilib, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına nail olunub.