Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan III kurs tələbələri 8 həftəlik istehsalat təcrübəsinə başlayıb.
Qeyd edək ki, 05 aprel – 31 may 2021-ci il tarixlərini əhatə edən təcrübədə Universitetin 31 nəfər tələbəsi Nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış edilib. Təhsil aldıqları ixtisas üzrə təcrübəyə malik olacaq tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə edəcəklər.
İstehsalat təcrübəsində nazirliyin əməkdaşı tərəfindən 24 mövzu üzrə praktik məşğələlərdə tələbələrin iştirakı təmin edilir. Hazırlanmış təcrübə proqramına uyğun olaraq praktik məşğələlər aparılır, tələbələr iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən mövzular ilə bağlı geniş məlumat əldə edirlər.
Bundan əlavə, təcrübə müddətində tələbələr nazirliyin müvafiq şöbələri üzrə iş təcrübəsində iştirak edəcək və beləliklə, öz nəzəri biliklərini təcrübədə – iş prosesində möhkəmləndirəcəklər.