Naxçıvanın zəngin ixrac potensialı var

 

 
 Əvvəlki illərdə olduğu kimi, bu ilin ötən dövründə də muxtar respublikada sahibkarlıq sahələri daim dövlət tərəfindən dəstəklənib, özəl sektorun maliyyə resurslarına çıxış imkanları asanlaşdırılıbdır. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar da xarici ticarətin sürətli inkişafına zəmin yaradıbdır. Sahibkarların maarifləndirilməsi, onlara texniki və metodik dəstək göstərilməsi istiqamətində mütəmadi seminarlar və treninqlər təşkil olunub, məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilibdir.Muxtar respublikanın çoxşaxəli iqtisadiyyatı, özəl sektorun durmadan inkişafı, regionun iqtisadi nüfuzu və yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yaradıbdır. Qeyd edə bilərik ki, region bir yandan təbii enerji resursları, digər yandan isə, sənayenin inkişafı sahəsində son illərdə dünya ölkələri ilə iqtisadi və ticarət əlaqələrini yüksək səviyyədə inkişaf etdirməyə nail olubdur.