Sahibkarlığın İnkişafı Fondu öz işini günün tələbləri səviyyəsində qurub

 

  Güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir. 2020-ci ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 37 milyon 676 min 800 manat kredit verilmişdir ki, bunun 15 milyon 577 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən 1536 layihənin maliyyələşdirilməsinə 169 milyon 388 min 854 manat güzəştli kreditlər ayrılmışdır.

Belə ki, cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fonduna sahibkarlar tərəfindən 77 müraciət daxil olub. Həmin müraciətlər üzrə monitorinqlər aparılıb, iqtisadi cəhətdən səmərəli hesab edilən müxtəlif təyinatlı prioritet layihələrlə bağlı sahibkarlıq subyektlərinə biznes-planların və digər zəruri sənədlərin hazırlanması istiqamətində köməkliklər göstərilib. Nəticədə, cari ilin birinci rübü ərzində fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı vasitəsilə 18 layihənin maliyyələşdirilməsinə 388 min 200 manatdan çox kredit verilib.

Həmin vəsaitdən sənayeyönümlü 1 layihənin maliyyələşdirilməsinə 80 min manat yönəldilib. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin və soyuducu anbarın yaradılması, süd məhsullarının qablaşdırılması məqsədilə 17 layihənin maliyyələşdirilməsinə 308 min 200 manat vəsait sərf edilib.