“Azərxalça”nın Naxçıvan filialı xalçaçılığın inkişafına mühüm töhfə verəcək

 

Yeni şəraitdə qeyri-neft iqtisadiyyatı sahəsində istehsal imkanlarının artırılmasını hədəfləyən ölkəmizdə ən qədim tətbiqi sənət növlərindən olan xalçaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti xalçaçılığın inkişafına maddi və siyasi dəstək tədbirlərini gücləndirməklə regionlarda iqtisadi aktivliyi təmin etmək, xarici bazarlara özəl sektorda ixrac həcmlərini artırmaq kimi məqsədləri hədəfləyib. Xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə ilk növbədə milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən isə dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək.

Ölkəmizdə xalçaçılıq sənətinin ən yaxşı nümunələri sırasında Naxçıvan xalçaları xüsusilə seçilib. Özünəməxsus fərqləndirici cəhətlərə malik olan bu xalçalar Naxçıvan xalçaçılıq məktəbinin formalaşmasına səbəb olub.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib, xalçaçılığın təbliği üçün geniş imkanlar açıb.

Ölkə Prezidentinin iştirakı ilə mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının istifadəyə verilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Naxçıvanda açılan yeni xalçaçılıq müəssisəsi bütün zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, hana, bıçaq kimi alətlərlə təmin edilib. Bu xalça istehsalı emalatxanalarında 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Naxçıvan xalçaları toxunur. Müəssisədə 355 kvadratmetr ölçüdə 100-dən çox xalça toxunub, 299 kvadratmetr olan 91 ədəd xalça “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə göndərilib. Ölkə rəhbəri toxucular üçün müasir, işıqlı emalatxana binaları yaratmaqla yanaşı, həm də onların rahatlığının təmin olunması qayğısına da qalıb. Filial əməkdaşlarının işə rahat gediş-gəlişinin təmin edilməsi üçün “Hyundai” markalı avtobus alınıb. Xalçaçılıq üzrə yeni istehsalatların fəaliyyətə başlaması, eyni zamanda, böyük sosial mahiyyət daşıyır. Belə ki, muxtar respublikada açılan xalçaçılıq müəssisəsi yerli sakinlərin, ələlxüsus da qadınların əmək bazarına inteqrasiyasına yeni imkanlar yaradır.

Xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu məsələ də Azərbaycan Prezidentinin diqqət mərkəzində olub. Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyirici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi üçün bina tikilib.  Burada illik istehsal gücü 300 ton olan Türkiyə istehsalı yun presləmə avadanlığı quraşdırılıb.   2019-2020-ci illər ərzində yerli fermerlərdən alınan 80 tona yaxın yun  bura tədarük edilib, 69 ton yun “Azərxalça” ASC-nin Yunəyirici-Boyaq Fabrikinə təhvil verilib. Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsinin yaradılması muxtar respublikada heyvandarlığın inkişafına da öz təsirini göstərməklə yanaşı, xalça istehsalı müəssisəsinin yun ipliyə olan tələbatının ödənilməsinə şərait yaradacaqdır.

Ölkə Prezidentinin “Azərxalça”nın filiallarının açılış mərasimlərində iştirak etməsi, xalçaçılarının qayğı və problemləri ilə maraqlanması dövlət başçımızın xalçaçılıq sənətinə, bütövlükdə isə milli dəyərlərimizə olan həssas münasibətinin nəticəsidir.

 

Çinarə Balayeva
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin əməkdaşı