“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur

 

 

Ölkəmizdə xalçaçılıq sənətinin ən yaxşı nümunələri sırasında Naxçıvan xalçaları xüsusilə seçilib. Özünəməxsus fərqləndirici cəhətlərə malik olan bu xalçalar Naxçıvan xalçaçılıq məktəbinin formalaşmasına səbəb olub.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açıb.

Dövlət proqramına uyğun olaraq 2021-ci ilin ötən dövrü ərzində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Cəlilkənd Buzxanasında yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 2 xalça toxunub və 14 xalçanın satışı həyata keçirilib, eləcə də 2 ədəd xalçanın toxunuşu davam etdirilib.

Dövlət Proqramında xalçaçılıq sahəsi üzrə sənətkarların bədii-texniki iş üsullarının öyrənilməsi, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi barədə tapşırıqlar verilib. Cari ilin ötən dövrü ərzində Ordubad Texniki Peşə və Sürücülük Məktəbində “Xalçaçı” kursunda təhsil alan 14 müdavim xalçaçılıq kursu keçərək, bədii və texniki iş üsullarını ­öyrənib. Müdavimlərə müvafiq sertifikatlar təqdim olunub. Bu sahədə fəaliyyətin daha da genişləndirilməsi üçün Ordubad rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində xalçaçılıq dərnəyinin yaradılması istiqamətində lazımi işlər həyata keçirilir.

Dövlət proqramının icrasına uyğun olaraq yaradılmış əllə toxunmuş xalçaların reyestri sistemi yaradılıb və 2021-ci ilin I rübündə 10 xalçanın pasportlaşdırılması ilə bağlı işlər həyata keçirilib.