İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsini başa vuran tələbələr ilə görüş keçirilib

 

Bu gün istehsalat təcrübəsini uğurla başa vuran tələbələrlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat  Nazirliyində görüş keçirilib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat  naziri Tapdıq Əliyev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilib. Nazir vurğulayıb ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə də iqtisadiyyatın müxtəlif sahələri üzrə praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Bu tələbatı ödəmək məqsədilə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir. Nazir vurğulayıb ki, əməkdaşlığın ən yüksək səviyyədə davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində mümkün olub. Əminliklə demək olar ki, İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələr bu təcrübədən layiqincə yararlanacaq, Naxçıvanın gələcək iqtisadi inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər.

Görüşdə Naxçıvan Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov istehsalat təcrübəsinin mahiyyəti haqqında ümumi məlumat verərək onun tələbələrin biliklərinin zənginləşdirilməsi, gələcəkdə karyeralarının formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. 

Dekan qeyd edib  ki, 8 həftəlik istehsalat təcrübəsi ərzində Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan 31 nəfər tələbəsi Nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış edilib. İstehsalat təcrübəsində  nazirliyin əməkdaşı tərəfindən 24 mövzu üzrə praktik məşğələlərdə tələbələrin iştirakı təmin edilib. Hazırlanmış təcrübə proqramına uyğun olaraq praktik məşğələlər aparılıb, tələbələr iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən mövzular ilə bağlı geniş məlumat əldə ediblər. Həmçinin tələbələr “Ləzzət Qida Sənaye”, “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin istehsal prosesi və Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullar və yerli sənətkarların əl işlərindən ibarət sərgi  ilə tanış olublar.

Dekan istehsalat təcrübəsinin tələbələrə universitetdə əldə etdikləri bilikləri praktiki olaraq tətbiq etmək imkanı yaratdığını qeyd edərək bu imkandan səmərəli istifadə etməyi tövsiyə edib.

Nazirlikdə istehsalat təcrübəsi keçən tələbə Ədalət Tağıyev çıxış edərək göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə və təşkilatçılara minnətdarlığını bildirərək, gələcək fəaliyyətlərində təşəbbüskar, çalışqan və məsuliyyətli olacaqlarını, dövlətimizin göstərdiyi qayğıya daha yaxşı təhsil almaqla cavab verəcəklərini qeyd edib.

        Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti