Ailə təsərrüfatçıları iqtisadiyyata mühüm töhfə verir

 

    Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Adından da göründüyü kimi, bu birlik ailəni təşkil edən fərdlərin ayrı-ayrılıqda əməyinin birgə hədəfə yönləndirildiyi bir təsərrüfat formasıdır. Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik, ailə birliyi əsas şərtlərdəndir. Ailə təsərrüfatlarının üstün xüsusiyyətləri ondan ibarətdir ki, kənd yerlərində məskunlaşan ailələrin istehsal etdiyi məhsullarla həmin ailələrin həm öz istehlak tələbatlarının müəyyən bir qismi ödənilir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və ya dəyişdirmək yolu ilə gəlir əldə edilir. Bu da ailələrin sosial rifah halının yaxşılaşması ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının inkişafına öz təsirini göstərir.

Ailə təsərrüfatlarının sayının artmasının əsas səbəblərindən biri də təsərrüfatlarda istehsal olunan məhsulların satışına dövlət dəstəyinin göstərilməsidir. Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal edilən kənd təsərrüfatı məhsullarının sərbəst bazara çıxarılması imkanlarının mövcudluğu insanların bu sahəyə marağını daha da artırıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün 2021-ci ilin 5 ayı ərzində 21 ailə təsərrüfatına 321 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmiş, ailə təsərrüfatları 1800-dən artıq 27 çeşiddə tara ilə təmin olunmuşdur.