Naxçıvan duzu muxtar respublikanın brendinə çevrilir

 

 
 

2021-ci ilin iyunun 9-da - Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxtanın istifadəyə verilməsi nəinki Naxçıvan, bütün ölkəmiz üçün əlamətdar hadisə oldu. Qeyd edək ki, muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaq. 

Yeni şaxta mədən işçilərinin əməyini xeyli yüngülləşdirib. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya bilir. Şaxtaçılar çalışırlar ki, mövcud duz ehtiyatından səmərəli istifadə edilsin. Mədən işlərində və istehsal prosesində itkinin minimum həddə saxlanılmasına ciddi önəm verilir. Şaxtada iş prosesi belədir: Əvvəlcə yataqlarda qazma işləri görülür. Daha sonra mədəndə partlayış işləri aparılır. Partlayışdan əmələ gələn duz parçaları çeşidlənərək istehsal sahəsinə verilir. Duz üyüdüldükdən sonra müxtəlif ölçülərdə nəfis paketlərdə satılır.

Duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. Hazırda müəssisədə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılıb. Yeni müəssisə istifadəyə verildikdən sonra Naxçıvan duzu ən müasir vasitələrlə daha keyfiyyətlə istehsal olunaraq nəfis paketlərlə dünya mətbəxinə çıxarılacaq.