Naxçıvanda dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəlif təyinatlı və modellərdəki nümunələri istehsal olunur

 

Naxçıvan, 24 iyun, AZƏRTAC

Bu ilin ötən dövrü ərzində yeni modelləri sırasına daha bir avtomobil əlavə edən Naxçıvan Avtomobil Zavodunda “Changan minik-yük”, “Changan minivan” markalı avtomobillərin istehsalına başlanılıb. Bağlanmış müqavilələrə uyğun olaraq növbəti aylarda 200 ədəd “Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə ötən il ərzində 117 ədəd, 2021-ci ilin ötən dövrü ərzində isə 47 ədəd avtomobil istehsal olunub.

Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəlif təyinatlı və modellərdəki nümunələrinin muxtar respublikada istehsal olunması Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, muxtar respublikada son illər artan istehsal müəssisələri sırasında Naxçıvan Avtomobil Zavodu əhəmiyyətli yerlərdən birini tutur. Müəssisənin əsası 2006-cı ildə qoyulub, 2010-cu ildə istismara verilib. İstehsal prosesində keyfiyyəti əsas götürən zavod 2019-cu ildən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının tərkibinə daxil olub, istehsal olunan avtomobillərin “Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomobil salonlarında da satışı təşkil edilib.

Zavodun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satış mağazaları, həmçinin Şərur və Culfa rayonlarında servis mərkəzləri fəaliyyət göstərir. Bu da muxtar respublikada müəssisənin istehsal etdiyi avtomobillərə texniki xidmət göstərilməsinə əlverişli şərait yaradır

Son illər Naxçıvanda yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayeləri üzrə çoxsaylı istehsal sahələri yaradılıb, nəticədə, 384 növdə məhsulun istehsal olunduğu məkanda 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.