Muxtar respublikada arıçılıq sahəsində məhsuldarlığın artırılması, habelə bu sahəyə marağın stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalar, güzəştli kreditlər verililir. Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası”na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya verilir. Subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır. Qeyd edək ki, Naxçıvanda kənd təsərrüfatının aparıcı sahələrindən biri olan arıçılığın inkişafına hesablanmış tədbirlər cari ilin yanvar-iyun aylarında da davam etdirilib.
Arıçılığı inkişaf etdirmək məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi təsis edilib, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, festivalların, yarmarkaların təşkili istiqamətində məqsədyönlü tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, istehsal və ixrac imkanlarının artırılması yeni uğurlar qazanılmasına zəmin yaradıb.
Bu tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni arıçılıq təsərrüfatlarının yaradılmasına, mövcud təsərrüfatların genişləndirilməsinə dəstək göstərilir. Belə ki, cari ilin ikinci rübü ərzində arıçılıq təsərrüfatlarının yaradılması məqsədilə 5 layihənin maliyyələşdirilməsinə 69.000 manat həcmində vəsait sərf edilib. Ümumilikdə, 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən arıçılığın inkişafı məqsədilə 155 layihənin maliyyələşdirilməsinə 1 milyon 375 min manat güzəştli kredit ayrılıb. Həmçinin ailə təsərrüfatları ilə keçirilən görüşlərdə “Damazlıq ana arı yetişdirmə təsərrüfatı” və “Balın emalı və qablaşdırılması sahəsi” üzrə 2 layihənin təqdimatı keçirilib.
2021-ci ilin ikinci rübü ərzində dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının genişləndirilməsi, Babək rayonunda 2, Şahbuz rayonunda 2 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılıb. Həmçinin dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 2, Babək rayonunda 2, Ordubad rayonunda 1, Culfa rayonunda 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilir. Ümumilikdə, muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 4 arıçılıq təsərrüfatının yaradılması və 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 6 arıçılıq təsərrüfatının yaradılması davam etdirilir.
Əhalinin istehlakında özünəməxsus yeri olan bal və bal məhsullarının keyfiyyətinin təmin edilməsi qida təhlükəsizliyi baxımından əhəmiyyət verilən əsas sahələrdən biri hesab olunur. “İstehlak Mallarının Ekspertizası Mərkəzi”Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq laboratoriyasında digər mal çeşidləri ilə yanaşı təbii bal məhsullarının da laboratoriya təhlilləri mütəmadi olaraq həyata keçirilir. 2021-ci ilin ikinci rübü ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan bal məhsullarının 2 halda laboratoriya təhlilləri aparılıb, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, muxtar respublikada arıçılığın inkişafına göstərilən hərtərəfli dəstək və fermerlərin bu sahəyə marağının artması cari ildə də bal və digər arıçılıq məhsullarının istehsalında artıma səbəb olacaqdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti
Şərqin səhəri qəzeti
14 iyul 2021-ci il