Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin daha geniş şəkildə təbliğinə, eləcə də özəl sektora öz töhfəsini verməkdədir. Dövlət Proqramının icrası ilə əlaqədar cari ilin ikinci rübü ərzində də bir sıra işlər görülüb.
Bu ilin ötən dövrü ərzində Dövlət proqramına uyğun olaraq “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Cəlilkənd Buzxanasında yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 7 xalça toxunub, eləcə də 2 ədəd xalçanın toxunuşu davam etdirilib.
Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilmişdir. Muxtar respublikada xalçaçılığın inkişafı, öz növbəsində, yeni iş yerlərinin də yaradılmasına səbəb olur.
Cari ildə xalçaçılıq sənətini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilib. Cari ilin ikinci rübündə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin, yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin yaradılması başa çatdırılıb.
Dövlət Proqramına uyğun olaraq “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihənin icrası ilə əlaqədar 2 nəfər xalçaçı qadınla müqavilələr bağlanılıb, xalça toxunuşunu həyata keçirmək üçün lazımi xammal və avadanlıqlarla təmin edilib.
Bu dövrdə xalçaçılıq sahəsi üzrə sənətkarların bədii-texniki iş üsullarının təbliğinə diqqət artırılıb, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 15 müdavimdən ibarət “Xalçaçı” kursu, həmçinin Ordubad Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində də “Xalçaçılıq” dərnəyi fəaliyyətə başlayıb.
Dövlət proqramının icrasına uyğun olaraq yaradılmış əllə toxunmuş xalçaların reyestri sisteminə daxil etmək üçün 2021-ci ilin ikinci rübündə 6 xalçanın pasportlaşdırılması ilə bağlı işlər həyata keçirilib.
Turizm sektorunun inkişafına təkan verən başlıca amillərdən biri ənənəvi sənətkarlıq sahələrinin özünəməxsusluğunun qorunması və bu fəaliyyətin nəticəsi olan məhsulların müxtəlif üsullarla nümayiş edilməsidir. Muxtar respublikamızda istehsal olunan sənətkarlıq nümunələrində ənənəvi cəhətlərin qorunması bu nümunələrin turizm məhsulu kimi təqdim edilməsinə imkan yaradır. Həmin məhsullar içərisində əllə toxunan xalçalar xüsusi yer tutur. Muxtar respublikada fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının turizm obyekti kimi mədəni turizm marşrutlarına daxil edilməsi və Turizm İnformasiya Mərkəzi vasitəsilə xalçaçılıq irsinin təbliği istiqamətində 2021-ci ilin ikinci rübü ərzində Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında xalçaçılıq irsinin təbliği məqsədilə məlumatlar paylaşılıb, bu məlumatlar Azərbaycanda və 20-ə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorların və mehmanxanaların elektron poçt ünvanlarına göndərilib.
Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası diqqətdə saxlanılıb. Cari ilin ikinci rübündə AMEA-nın Naxçıvan Bölməsinin “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı”, “Naxçıvanda toxuculuğun inkişafı” başlıqlı məqalələri çap olunub.
Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərin tədris planına salınması və tədrisinin təşkili istiqamətində Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi II kurslarının “Xalça və tikmələr”dən ibarət sərgisi təşkil olunub. Altmışa yaxın xalça və tikmə nümunələrinin nümayiş edildiyi sərgidə əsasən, Naxçıvanın xovlu və xovsuz xalça nümunələrindən vərni, şəddə, çeçim, kilim, duz torbası və eləcə də tikmə xalçalarda işlədilən ornamentlər öz əksini tapmışdır. 2021-ci ilin II rübü ərzində “Toxuculuq” kabinəsində 14 ədəd müxtəlif ölçülü xalça, 12 ədəd kilim nümunəsi, 3 ədəd palaz nümunəsi toxunub.
Naxçıvan Müəllimlər İnstitutunda xalçaçılıq dərslərinin praktik tətbiqi üçün fəaliyyət göstərən xalça emalatxanasının maddi texniki bazası gücləndirilib. Praktik dərslərin davam etdirilməsi məqsədilə yeni xalça eskizləri hazırlanıb və ləvazimatlar alınıb. Naxçıvan Müəllimlər İnstitutunda 2021-ci ilin II rübündə ümumilikdə 1 xalça toxunub, 3 yeni xalçanın toxunması davam etdirilmiş, xalça muzeyi yaradılıb və yeni nəşr olunmuş bir elmi məqalə tədris planına salınıb.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası qarşıdakı illərdə də Naxçıvan xalçaçılıq məktəbinin yaşadılmasına, xalçaçılıq ənənələrinin qorunmasına və inkişaf etdirilməsinə şərait yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti
Şərqin səhəri qəzeti
20 iyul 2021-ci il