Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı tədbirlər davam etdirilir

 

 

Muxtar respublikada cari ilin ikinci rübü ərzində meyvəçiliyin inkişafına maliyyə dəstəyi davam etdirilib, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bağçılığın inkişafı məqsədilə 2 layihə üzrə 46 min manat, daxili tələbata uyğun yüksək məhsuldarlığa və intensiv üsullara əsaslanan tingçilik təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə bir layihəyə 5 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilibdir.

Meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi və yenilərinin yaradılması istiqamətində tədbirlər görülüb, Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına 3 layihə üzrə 66 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilibdir.

Hesabat dövründə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 bağçılıq təsərrüfatının yaradılması, Şərur rayonunda 1 tingçilik təsərrüfatının yaradılması, Babək rayonunda 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılıb, Şərur və Ordubad rayonlarının hər birində 1 bağçılıq təsərrüfatının yaradılması davam etdirilibdir.

Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 2021-ci ilin ikinci rübü ərzində ümumi sahəsi 5570 m2  olan 3 istixana təsərrüfatının yaradılması və sahəsi 552 m2 olan 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıbdır. Hazırda muxtar respublikada ümumi sahəsi 151 min kvadratmetrə yaxın olan istixana kompleksləri əhalinin tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.

Meyvə və tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların yaradılması da diqqət mərkəzində saxlanılıb, ikinci rübdə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Şərur rayonunda ümumi tutumu 170 ton olan 2 soyuducu anbarın yaradılması başa çatdırılmış, ümumi tutumu 800 ton olan soyuducu anbarın yaradılması üçün “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC-yə 424 min 750 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib, Naxçıvan şəhəri və Şərur rayonunda ümumi tutumu 1730 ton olan 4 soyuducu anbarın yaradılması istiqamətində işlər davam etdirilibdir. Ümumilikdə, muxtar respublika üzrə dövlət maliyyə dəstəyi və şəxsi vəsait hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar istifadəyə verilibdir.