Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində yerli istehsal məhsullarının sərgiləndiyi Naxçıvan Biznes Mərkəzi ilə tanış olub. Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, Mərkəz muxtar respublikanın biznes mühitinin və istehsal imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir.
Mərkəzdə qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri haqqında məlumat alan amerika səfir daha çox yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları ilə maraqlanıb.
Qeyd edilib ki, bu məhsullar yüksək keyfiyyəti ilə seçilir. Bu, ilk növbədə, məhsulların hazırlandığı müəssisələrin ən müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, indi muxtar respublikada bir çox sahələrdə istehsal olunan məhsullara dünya bazarında böyük tələbat vardır. Naxçıvanda istehsal sahələrinin çoxşaxəli olması blokada şəraitində yaşayan muxtar respublikanı qida, sənaye və digər məhsullarla tam təmin edir, idxaldan asılılığı minimuma endirir.
Daha sonra Naxçıvan Biznes Mərkəzinin konfrans zalında İqtisadiyyat naziri Tapdıq Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb. Görüşdə İqtisadiyyat naziri Tapdıq Əliyev qonaqları salamlayıb, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ABŞ şirkətlərinin muxtar respublikada həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Naziriliyinin
mətbuat xidməti