Əhalinin etibarlı ərzaq təminatında soyuducu anbarların mühüm rolu var

 

 

Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir göstərməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.

Bu sırada kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanması üçün soyuducu anbar komplekslərini də qeyd etmək lazımdır. Soyuducu anbarlar əhalinin istehlakında əsas yer tutan yerli meyvə və tərəvəz məhsullarının ilin bütün fəsillərində münasib qiymətlərlə satışına imkan verir. Bu baxımdan muxtar respublikanın müxtəlif yerlərində tikilib istifadəyə verilən soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının ilboyu yüksək keyfiyyətlə saxlanılmasına şərait yaradır.