Son illərdə muxtar respublikamızda özəl sektorun inkişaf etdirilməsinə yaradılmış şərait çoxsaylı kiçik sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına səbəb olub. Bu sahədə aparılan islahatların nəticəsidir ki, hazırda muxtar respublikamızda kənd təsərrüfatından tutmuş özəl tibb müəssisələrinədək, un məmulatı sexlərindən dərman bitkilərinin istehsalına kimi xeyli sayda kiçik və böyük sahibkarlıq subyektləri fəaliyyət göstərir. Bu sahədə çalışan qadınlarımızın sayı da az deyil. Onlara hərtərəfli dövlət qayğısı göstərilir.
Muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən göstərilən maliyyə dəstəyinin də mühüm rolu vardır. 2021-ci ilin ötən dövrü ərzində bu məqsədlə Fond tərəfindən 9 qadın sahibkara 128.600 manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.
Qadınların sahibkarlıq fəaliyyətinə marağının artmasının nəticəsidir ki, 2000-ci ildən bu günə qədər Sahibkarlığın İnkişafı Fondu tərəfindən yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən 88 qadın sahibkara 2.622.550 manat həcmində kredit verilib.