Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.
İclası nazir Tapdıq Əliyev açaraq bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük оlunması istiqamətində sоyuducu anbarların və istiхana kоmplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu 21 min 150 ton olan 49 soyuducu anbar yaradılıb. Bunlardan tutumu 16.120 ton olanı anbarlar meyvə-tərəvəz məhsullarının tədarükü üzrə ixtisaslaşıb, tutumu 5.030 ton olanlar ümumi təyinatlı anbarlardır. Cari ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 1620 ton olan 5 soyuducu anbarın yaradılması başa çatdırılıb.
Diqqətə çatdırılıb ki, tədarük dövrü başlayandan bu günədək muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 6506,0 ton kartof, 10,0 ton soğan, 1,3 ton kələm, 116,7 ton alma, 100 ton üzüm olmaqla, 6734 ton məhsul tədarük olunub. Hesabat dövründə kartofun 632 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nağd alınaraq tədarük olunub. Hazırda tədarük davam etdirilir. Soyuducu anbar sahibkarları tərəfindən məhsul tədаrükü ilə yаnаşı, 125 hektar sahədə kartof, 20 hektar sahədə soğan əkininin həyata keçirilməsi də daxili bazara rəqabətqabiliyyətli məhsulların çıxarılmasına, anbarların rentabelli fəaliyyət göstərməsinə şərait yaradıb.
Nazir qeyd edib ki, əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqətin nəticəsində cari ilin ötən dövrü ərzində ümumi sahəsi 5440 kvadratmetr olan 2 istixana təsərrüfatının yaradılması və sahəsi 552 kvadratmetr olan 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Ümumilikdə, muxtar respublikada 150 min 817 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 34 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində istixana komplekslərində istehsal olunan 731 ton tərəvəz məhsulları istehlakçılara təklif olunmuşdur.
İstehlak olunan malların ekspertizası məsələsinə toxunan nazir bildirib ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən un və un məhsullarının keyfiyyəti də daim nəzarətdə saxlanılıb və 2021-ci ilin ötən dövrü ərzində 601 halda, о cümlədən 371 halda çörək, 138 halda unlu-qənnadı məhsulları, 64 halda un, 12 halda buğda, 16 halda kəpək nümunəsi götürülərək labоratоriyada təhlil edilib və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Tədbirdə payız-qış mövsümünə hazırlığın yüksək səviyyədə aparılması məqsədilə nazir daxili bazarın qorunması, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirilməsi, soyuducu anbarların tutumuna müvafiq məhsulların tədarükünün həyata keçirilməsi, soyuducu anbarlarda avadanlıqların sazlığına mütəmadi nəzarət edilməsi, soyuducu anbarlara tədarük edilən məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğun şəkildə qəbulu və saxlanılması, istixana komplekslərindən səmərəli istifadə olunması və bütün istixana komplekslərində əkin işlərinin başa çatdırılması, həmçinin nazirliyin aparatının və tabeliyində olan qurumların elektrik enerjisi və qazdan istifadə zamanı qənaət tədbirlərinə riayət olunması, qazanxanaların işlədilməsinə müvafiq kurslardan keçmiş əməkdaşların cəlb edilməsi və qazanxanaların fəaliyyətinə nəzarətin təmin olunması istiqamətində tapşırıqlar verilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.