Kənd təsərrüfatının dayanıqlı inkişafı təmin olunub

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. İkinci rübdə proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə başlanılmış, kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi diqqət mərkəzində olmuşdur.

Muxtar respublikamızda aqrar sektorun əsas hərəkətverici qüvvələrindən biri bu sahəyə göstərilən dövlət dəstəyidir. Həm istehsal, həm də emal prosesinə verilən dəstək yeni təsərrüfatların və emal müəssisələrinin yaradılması baxımından stimullaşdırıcı xarakter daşıyır. Aprel-iyun aylarında kənd təsərrüfatı məhsulları istehsalı, eləcə də heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, soyuducu anbarın yaradılması, süd məhsullarının qablaşdırılması məqsədilə 39 layihənin maliyyələşdirilməsinə 1 milyon 96 min 650 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə idxaldan asılılığın minimuma endirilməsi, yeni sənaye, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə müxtəlif istiqamətli layihələrin hazırlanması davam etdirilmişdir. İkinci rübdə muxtar respublikada 13 heyvandarlıq, 4 arıçılıq, 1 quşçuluq, 1 bağçılıq, 1 istixana, 1 tingçilik təsərrüfatının və 2 soyuducu anbarın yaradılması, 4 heyvandarlıq, 1 arıçılıq və 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin bu dövrdə dövlət maliyyə dəstəyi ilə 17 heyvandarlıq, 6 arıçılıq, 2 bağçılıq təsərrüfatının, 3 soyuducu anbarın, 1 kompost və torf istehsalı, 1 süd məhsullarının emalı sahələrinin yaradılması, 2 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.

İkinci rübdə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası tərəfindən meyvə araqları və tütün məmulatlarının Polşa, İran İslam Respublikası və Bakı şəhərinə maneəsiz şəkildə çıxarılması məqsədilə 5 hаldа mənşə sеrtifikаtı verilmişdir. İxrac qabiliyyətli müəssisələrin istehsal potensialından tam istifadə edilməsi üçün 15 sahibkarlıq subyekti ilə birgə təhlillər aparılmış, bu müəssisələrin ixrac potensialının artırılması istiqamətində təkliflər hazırlanmışdır. Latviyanın Riqa şəhərində yerləşən “Azərbaycan Ticarət Evi”nin rəhbərinin “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində yerli məhsullarla tanışlığı təmin edilmiş, həmin məhsulların, eləcə də ailə təsərrüfatlarında istehsal olunan məhsulların ixracı istiqamətində müzakirələr aparılmışdır. İkinci rübdə muxtar respublikada istehsal olunan məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə 39 ixrac potensiallı sahibkarlıq subyektinin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Naxçıvan Məhsulları İxrac kataloqu”nun hazırlanması başa çatdırılmış və 250 ədəd çap edilmişdir.