İSO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair seminar keçirilib

 

Sentyabrın 17-də Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İSO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair seminar keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edib.

Tədbiri İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Aqil Qəribov açaraq muxtar respublikada sənayenin modernləşdirilməsi, şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, yeni qanunvericilik bazası formalaşdırılıb, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmləri tətbiq edilib. Aparat rəhbəri muxtar respublikada standartların tətbiqi, keyfiyyətli xidmətlərin göstərilməsi və özəl sektor üzrə istehsal və ixracın beynəlxalq tələblərə uyğunlaşdırılmasının əhəmiyyətini qeyd edib.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudov çıxış edərək standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədinin  iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsi olduğunu qeyd edib. Eyni zamanda beynəlxalq standartlara uyğunlaşma prosesi və bu prosesin sənayenin inkişafına təsirləri, eləcə də sənaye müəssisələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili haqqında məlumat verib, ixrac imkanlarının genişləndirilməsində beynəlxalq sertifikatların vacibliyini diqqətə çatdırıb.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Şahin Səfərov yerli müəssisələrimizdə İSO beynəlxalq standartlarının tətbiqi məsələləri, həmçinin, ISO 9001 standartının inkişaf dinamikasından, onun tətbiqinin praktiki aspektlərindən danışıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin  texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Rəşad Mirzəyev müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün  əsas meyar kimi qəbul olunduğunu, standartlaşdırmanın əsas məqsədlərinin istehsalın effektivliyinin artırılmasından, istehlakçılara təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılmasından, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsindən, ticarətdə texniki maneələrin aradan qaldırılmasından ibarət olduğunu vurğulayıb.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti