Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş təşkil edilib.
Tədbirdə universitetin dekanı Zakir Məmmədov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, Sərəncamın icrası istiqamətində hami təşkilat və universitet arasında mütəmadi görüşlər tələbələrin gələcəkdə düzgün peşə seçimində, peşəkar kadr kimi yetişməsində, təhsil aldıqları ixtisasların sirlərinə dərindən yiyələnmələrində müstəsna rola malikdir.
Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İqtisadi təhlil və proqnozlaşdırma” şöbəsinin müdiri Anar Cəfərov muxtar respublikada son illərdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticələri, ümumi daxili məhsulun həcmi və strukturu, həmçinin son illərdə muxtar respublika iqtisadiyyatı üzrə investisiya qoyuluşları və infrastruktur layihələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “Sənaye” şöbəsinin müdiri Elnur Mahmudov çıxış edərək muxtar respublikada özəl sektorun innovativ və yüksək texnologiyalara əsaslanın inkişafının təmin edilməsində, rayonlarda sənaye sahəsinin inkişafı və məşğulluğun təmin olunmasında Şərur Sənaye məhəlləsinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti