Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella sentyabrın 22-də muxtar respublikamıza səfər edib. Diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ehtiramını bildirib. Sonra səfir Heydər Əliyev Muzeyini ziyarət edib. Mədəniyyət ocağı ilə tanışlıq zamanı qeyd olunub ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər tarixi sənədlər qorunub saxlanılır.
Naxçıvan Günəş Elektrik Stansiyası ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 2015-ci ildə Babək rayonunun Xalxal kəndi yaxınlığında tikilmiş Naxçıvan Günəş Elektrik Stansiyası ən son texnoloji yeniliklər əsasında qurularaq fəaliyyət göstərir. 36 hektar ərazidə tikilmiş stansiyada ən müasir “şüşə-şüşə” tipli günəş panelləri quraşdırılıb, onun fəaliyyəti tamamilə kompüterləşdirilib.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağın nəzərinə çatdırılıb ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 78 müəssisənin 166 adda 1293 çeşiddə məhsulları nümayiş olunur. Muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Qazanılan uğurlar bir daha təsdiq edir ki, muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, eyni zamanda sahibkarların göstərilən qayğıdan düzgün istifadəsi ümumi inkişafı təmin edib.
“Gəmiqaya Meyvə Məhsulları Kompleksi” və “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətləri ilə tanışlıqdan sonra Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə gələn səfirə məlumat verilib ki, zavodda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlı və qazsız “Sirab” təbii mineral müalicəvi süfrə suyu müxtəlifhəcmli plastik və şüşə butulkalara doldurulur. Hazırda zavodda 21 çeşiddə məhsul istehsal olunur. Qablaşdırmada istifadə edilən xammalın bir qismi Türkiyə və Gürcüstandan gətirilir, qalanı isə muxtar respublikanın daxili imkanları hesabına ödənilir. Minerallarla zəngin olan “Sirab” daxili tələbatı ödəməklə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Küveyt, Ukrayna və Baltikyanı ölkələrə də göndərilir.