Son illər muxtar respublikada emal və istehsal müəssisələrinin sayının artması regioanumuzda sahibkarlıq fəaliyyətinə geniş yer verilməsinin göstəricisidir. Bu müəssisələrdə istehsal olunan məhsullar daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır. Dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlarla daxili bazarla kifayətlənməyərək həm də rəqabətdavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.
Bir neçə ildir ki, müxtəlif sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı qazanıblar. Keyfiyyətli və ixracyönümlü məhsul istehsalı işin bir tərəfidirsə, onun xarici bazara çıxarılması üçün şərait yaradılması digər tərəfidir. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlər mühüm əhəmiyyət daşıyır. Artıq neçə ildir ki, muxtar respublika sahibkarları da belə tədbirlərə qatılır, regionumuzda istehsal edilən məhsulları nümayiş etdirir və bununla da xarici ölkələrdə də alıcı qüvvəsi toplayırlar.