Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” və “Menecment” ixtisasının tələbələri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə universitetin dekanı Əşrəf Ələkbərov açaraq tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.
Sonra İqtisadiyyat Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Anar Cəfərov Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat sahəsində görülən işlər və əldə olunan nəticələr, sahibkarlıq sahəsində dövlət dəstəyi mexanizmləri, nazirlik tərəfindən bu dəstək mexanizmlərinin həyata keçirilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudov muxtar respublikada sənayenin mövcud vəziyyəti, sənaye sahəsində prioritet istiqamətlərin müəyyən olunması, investisiya layihələrinin işlənib hazırlanması ilə bağlı slaydlar vasitəsilə çıxış edib.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti