İqtisadiyyat Nazirliyinin əməkdaşları tələbələrlə görüşüb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş təşkil edilib.

Tədbirdə universitetin dekanı Zakir Məmmədov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, Sərəncamın icrası istiqamətində hami təşkilat və universitet arasında keçirilən mütəmadi görüşlər tələbələrin gələcəkdə düzgün peşə seçimində, peşəkar kadr kimi yetişməsində, təhsil aldıqları ixtisasların sirlərinə dərindən yiyələnmələrində müstəsna rola malikdir.

Daha sonra “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahin Səfərov idxal olunan və muxtar respublikada istehsal olunan məhsulların keyfiyyətinin yoxlanılması, ixrac olunan məhsullara mənşə sertifikatlarının verilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “Daxili bazarda istehlak malları üzrə qiymətlərə nəzarət, monitorinq və təhlil şöbəsi”nin baş məsləhətçisi Abbas Quliyev çıxış edərək daxili bazarın qorunması, razılaşdırılmış və süni qiymət artımının qarşısının alınması mexanizmləri və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verib.

Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti