Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, “Naxçıvan Dövlət Universiteti” və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları Culfa rayonu İcra Hakimiyyəti ilə birgə Culfa rayonun Əbrəqunus kəndində arıçılıq təsərrüfatı sahibkarlarının iştirakı ilə “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılmasının və arıxanaları qışlamaya hazırlamağın əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçiriblər.
Görüşdə İqtisadiyyat Nazirliyinin əməkdaşı Vəli Mirzəyev çıxış edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı Tədbirlər Planının icrası istiqamətində bu sahənin inkişafı dövlət tərəfindən daim dəstəklənmiş, təsərrüfatçılar subsidiyalar, güzəştli kreditlər, təmanasız arı dərmanları ilə təmin olunmuşlar.
Sahibkarlara təçrübələrinin genişləndirilməsi məqsədilə müxtəlif ölkələrdə keçirilən biznes forum, sərgi və seminarlarda iştirakın vacibliyi barədə məlumat verilmişdir. Həmçinin arıçılıq təsərrüfatlarının yaradılması və genişləndirilməsi, bal məhsulunun emalı və qablaşdırılması sahələrinin yaradılması məqsədilə 2 layihə ( “Damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması” və “Bal məhsulunun emalı və qablaşdırılması sahəsinin yaradılması” layihələri) sahibkarlara təqdim olunmuşdur.
Fəaliyyətlərinin genişləndirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi üçün sahibkarlara İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fonduna müraciət etmələri və sərfəli kreditdən yararlanmaqları tövsiyyə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti